İtkin düşən şəxsin qızı: “Hər dəfə yeni kütləvi məzarlıq tapılanda ürəyimizdə bir ümid işığı yanır”

Azad olunmuş ərazilərə səfər edən itkin düşən şəxslərin ailə üzvlərinin ən böyük arzusu doğmaları haqqında məlumat almaqdır.

“Report”un məlumatına görə, “Qarabağ itkin ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə ölkənin müxtəlif rayonlarından itkin düşmüş hesab edilən şəxslərin ailə üzvlərinin azad olunmuş ərazilərə səfəri baş tutub.

Səfərdə iştirak edən Yardımlı rayon sakini Rəşad Musayev qardaşı Kamal Musayevin 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlər zamanı Murovdağ istiqamətində itkin düşdüyünü deyib:

“Bu gün biz günahsız soydaşlarımıza qarşı soyqırımının həyata keçirildiyi Xocalıdayıq. Biz bu gün burada sərbəst şəkildə gəzir, dinc sakinlərin qətlə yetirildiyi yerləri ziyarət edirik. Bu yerləri, xüsusilə də kimliyi artıq müəyyən edilərək dəfn olunmuş soydaşlarımızın məzarlarını ziyarət etməyimiz bizə mənəvi təskinlik verir. Bu bizdə inam yaradır ki, tezliklə bizim də itkin sayılan ailə üzvlərimiz haqqında məlumat alacağıq. Bizə bu şəraiti yaradan ölkə başçısına, Ali Baş Komandana təşəkkür edirəm. Bu torpaqlar uğrunda can alıb can verən vətən oğullarının ruhu qarşısında baş əyir, sağ qalanların əllərindən öpürük”.

Əslən Şuşa şəhərindən olan Leyla Tofiqqızı isə atasının 1994-cü ildə itkin düşdüyünü, ancaq bu müddət ərzində onun taleyi barəsində heç nə öyrənə bilmədiklərini söyləyib:

“Atam tankçı olub. Onun necə və hansı şəraitdə itkin düşdüyünü bilmirik. Yaralı olub, yoxsa idarə etdiyi texnikada vurulub, bilmirik. O vaxtdan bəri atamın taleyindən xəbər ala bilməməyimiz bizi daha da üzür. İşğaldan azad edildikdən sonra Şuşada çox olsam da, bu, Xocalıya ilk gəlişimdir. Burada olmaq insana çox fərqli hisslər yaşadır. Sanki naməlum şəkildə itkin düşən soydaşlarımızın baxışları adamı hər yerdə izləyir. Artıq buna son qoyulmasını, itkinlərimizin taleyinə aydınlıq gətirilməsini istəyirik. Bu gün biz itkin ailələri olaraq, artıq tək Ermənistandan yox, bütün dünyadan, beynəlxalq qurumlardan tələb edirik ki, itkinlərimizin taleyi barədə bizə dəqiq məlumat verilsin”.

Digər bir itkin ailəsinin üzvü, Şəki rayon sakini Rəşadi Natiq qızı Abışova danışır ki, atasının itkin düşməsi barədə xəbər gələndə, o, cəmi 3 yaşında olub:

“Atam Natiq Əhməd oğlu Məmmədov 1993-cü ildə Ağdam rayonunun Güllücə kəndində gedən döyüşlərdə itkin düşüb. O vaxt mənim üç yaşım vardı. Bu vaxta qədər atamın taleyindən xəbər tuta bilməmişik. Dəfn edilən Xocalı sakinləri arasında Məmmədov Natiq ad-soyadını gördüm. İnanırsınız, şok oldum. Bir anlıq elə bildim ki, atamın məzarını tapmışam.

Bu mənim Qarabağa ilk səfərimdir. İşğaldan azad edilən ərazilərə qədəm basdıqda, bütün yolboyu atamdan nəsə bir nişanə görmək ümidi ilə ətrafa baxırdım. Məzarlıqları ziyarət edəndə də onun adını ümidlə axtarırdım. Bilmirik, bəlkə də hələ sağdır… Sağ deyilsə, heç olmasa, qalıqlarını tapmaq bizim üçün böyük təsəlli olardı. Hər dəfə yeni kütləvi məzarlıq tapıldığını eşidəndə, ürəyimizdə bir ümid işığı yanır. Çox istəyirəm ki, atamdan bir nişanə tapıb dəfn edək”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More