Anhoy Elm və Texnologiya Universitetinin Birinci Filial Xəstəxanasından (Çin) olan alimlər müəyyən ediblər ki, fastfud, yarımhazır ət məhsulları və təmizlənmiş karbohidratlar ürək işemik xəstəliyi olan şəxslərdə ölüm riskini artırır.
Oxu.Az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, tədqiqatda ürək işemik xəstəliyi olan 1303 xəstə iştirak edib. Bu, ürək əzələsi hüceyrələrinin oksigen və qida maddələri ilə xroniki olaraq kifayət qədər təmin olunmaması nəticəsində yaranan bir vəziyyətdir. İştirakçıların orta yaşı 67 və təxminən 34%-i isə qadın olub.
Alimlər iştirakçıların qidalanması haqqında məlumat toplayıb və hər biri üçün Pəhriz İltihab İndeksini (Pİİ) hesablayıblar. Bu, iltihabi xüsusiyyətlərə malik qidaların istehlak həcmini əks etdirir. Məlumdur ki, orqanizmdə yüksək iltihab səviyyəsi bütün orqan və toxumalara mənfi təsir göstərir.
Məlumatlar toplandıqdan sonra iştirakçılar üzərində orta hesabla 77 ay davam edən müşahidə dövrü başlayıb. Bu müddət ərzində 536 nəfər müxtəlif səbəblərdən vəfat edib. Alimlər aşkar ediblər ki, sıfırdan yuxarı hər hansı Pİİ dəyəri ürək işemik xəstəliyi zamanı ölüm riskini artırır.
Tədqiqatçılar qeyd ediblər ki, iltihablandırıcı qidalara fastfud, sosiska, kolbasa, qənnadı məmulatları və çips kimi yağ və şəkərlə zəngin qidalar daxildir. Meyvə, tərəvəz, qoz-fındıq və balıq isə əksinə, iltihabı azaldır.