Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan yeniyetmənin həyatı həkimlər tərəfindən xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 01.10.2024-cü il tarixində saat 14 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 2013-cü il təvəllüdlü oğlan zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb:
“Tibb müəssisəsinin Təcili yardım şöbəsinə yerləşdirilən yeniyetməyə ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağtərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.
14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan yeniyetmə artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas olub.
Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən yeniyetmənin müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilir”.