Biznes mühiti ilə bağlı sahibkarların məlumatlılıq səviyyəsinin artırılması müzakirə olunub

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi, müvafiq işçi qrupların rəhbərləri və səlahiyyətli şəxslərin iştirakı ilə “Bakı KOB evi”ndə genişləndirilmiş iclas keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbirin əsas mövzuları Dünya Bankı Qrupunun yeni nəşr olunan “Business Ready 2024” hesabatının metodologiyası və göstəricilərinin müzakirəsi, bu sahədə ölkəmizdə tətbiq olunan iqtisadi islahatların geniş kommunikasiyası və təbliğatı üzrə qarşıda duran prioritetlərin müəyyən edilməsidir.

İclasda qeyd olunub ki, Dünya Bankı Qrupu 2024-cü il oktyabr 3-də “Business Ready 2024” hesabatını yayımlayıb. Hesabata əsasən, 50 ölkənin biznes mühiti üzrə performans göstəriciləri müxtəlif alt-indikatorlar əsasında 5 kateqoriya üzrə geniş qiymətləndirilib. Dünya Bankı Qrupundan verilən məlumata əsasən, Azərbaycanın da daxil olacağı və növbəti ilin sentyabrında yayımlanacaq “Business Ready 2025” hesabatının tərtibi üzrə hazırlıqlara (respondentlərin müəyyən edilməsi, sorğuların cavablandırılması və s.) artıq başlanılıb.

Tədbirdə çıxış edənlər yeni “Business Ready 2024” hesabatının metodologiyası və göstəricilərinin spesifik xüsusiyyətləri barədə məlumat veriblər. Qeyd olunub ki, Dünya Bankı Qrupu tərəfindən 2022-ci ildən anonsu verilən “Business Ready” layihəsi ilə bağlı aparılan işlər diqqətlə izlənib, paralel olaraq Komissiya çərçivəsində aidiyyəti dövlət qurumları tərəfindən hazırlıq işləri (diaqnostika, məlumatlandırma, yeni islahat təşəbbüslərin irəli sürülməsi və s.) davam etdirilib.

Genişləndirilmiş iclasda bildirilib ki, yeni hesabatın mövzularının spesifik xüsusiyyətlərindən irəli gələrək intensiv şəkildə hədəf qrupları (aparıcı konsaltinq və hüquq şirkətləri, sahibkarlar, ekspertlər və s.) ilə kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlət xidmətləri, o cümlədən elektron və rəqəmsal xidmətlər barədə sahibkarların və maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması və məlumatlara əlçatanlıq imkanlarının daha da genişləndirilməsi qarşıda duran əsas prioritetlərdəndir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More