Evlənmək istəyən oğlan anasını əsa ilə DÖYDÜ

Astara rayonunda 1990-cı il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Zəminəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin avqustun 10-da Astara rayonunun kəndlərindən birində baş verib.

Pərviz həmin gün gecə saat 2 radələrində fərdi yaşayış evində anası Zəminə ilə aralarında olan ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə əsa ilə qəsdən vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Pərviz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, zərərçəkmiş Zəminə onun anasıdır, bir həyətdə ayrı evlərdə yaşayırlar:

“Son dövrlərdə anamla evlənməyim ilə bağlı mübahisələrimiz yaranır. Avqustun 10-da, gecə saat 2 radələrində yaşadığım evə gəldim. Həmin vaxt sərxoş vəziyyətdə olmuşam. Evə gəldikdə anam Zəminə gec gəldiyim üçün mənimlə mübahisə etməyə başladı. Anama bildirdim ki, 35 yaşım var, uşaq deyiləm. Mübahisə zamanı yenə evlənməyim barədə söhbət açıldı. Evlənmək istədiyimi dedim. Anam isə mənim ailəyə baxa bilməyəcəyimi dedi. Anamın bu sözündən əsəbiləşdim və onun əlində olan əsanı alaraq bir neçə dəfə ayaq və bel nahiyələrindən vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zəminənin sözlərinə görə, son dövrlərdə oğlu Pərviz spirtli içki içdiyi üçün onunla mübahisələri olur:

“Avqustun 10-da, gecə saat 2 radələrində Pərviz yenə içkili vəziyyətdə evə gəldi. Oğluma bunu irad bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı oğlum hirslənərək əlimdəki əsanı götürdü, ayaq və bel nahiyələrimdən vurdu. Mübahisə bir neçə dəqiqə davam etdi. Münaqişə zamanı xəsarət aldım. Pərviz əsa ilə vuraraq mənə xəsarət yetirdi”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Pərviz cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More