2020-ci il oktyabrın 17-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi birinci günü.
Oxu.Az xatırladır ki, Ermənistan silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından başlayaraq Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini, həmçinin müharibə başlayandan etibarən beşinci dəfə Gəncə şəhərini atəşə məruz qoyur. Erməni Silahlı Qüvvələri hücum zamanı “Skad” ballistik raketlərindən istifadə edirlər. Raketlər əhalinin sıx yaşadığı əraziyə düşür. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan görür. İlk raket şəhər binasından cəmi 2 km uzaqlığa, ikinci raket isə şəhərin qərbində olan Kəpəz bölgəsinə düşür. Nəticədə 20 ev dağılır, xeyli sayda mülki şəxs dağıntıların altında qalır. Hücum nəticəsində 15 nəfər həlak olur, 55 nəfər isə yaralanır.
Bununla belə Ermənistan ordusu həmin saatlarda növbəti dəfə Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəf almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atır. Lakin raketlər Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havadaca zərərsizləşdirilir.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini yenidən atəşə tutur.
Ermənistandan fərqli olaraq mübarizəni yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, yeddi ədəd “T-72” tankı, iki ədəd “BM-21” “Qrad” YARS, səkkiz ədəd “D-30” və bir ədəd “D-20” haubitsa topları, döyüş sursatı ilə yüklənən 10 ədəd yük maşını və yeddi ədəd digər avtomobil texnikası məhv edilir və sıradan çıxarılır. 27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 234 tank, 49 ədəd piyadanın döyüş maşını, 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlif çaplı toplar, iki ədəd “Uraqan” sistemi, bir ədəd “TOS 1a” odsaçan sursatı, iki ədəd “Elbrus” əməliyyat-taktiki raket kompeksi, bir ədəd “Toçka-U”, iki ədəd “S-300” kompleksləri, 35 ədəd “Osa”, üç ədəd “Tor”, beş ədəd “Kruq” və “Kub” zenit-raket kompleksləri, 9 ədəd radioelektron mübarizə sistemləri, 196 ədəd yük avtomobili məhv edilir. 36 tank, 24 ədəd piyadanın döyüş maşını, 98 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirilir. Günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan -Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan Ordusu mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərərkən Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkar olunaraq məhv edilir. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə dəqiq zərbə ilə Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd “Tor-M2KM” zenit-raket kompleksi məhv edilir.
Canlı qüvvə sarıdan da xeyli itki verən Ermənistan ordusu həmin gün növbəti zərbəni alır. Erməni silahlı qüvvələrinin “Qara Qaplan” könüllü dəstəsinin komandiri Rüstəm Qasparyan məhv edilir.
Elə həmin gün Prezident İlham Əliyev xalqımıza uzun illərdir gözlədiyimiz müjdəni verir. Ölkə başçısı xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlayır.
Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan da məhv edilənlər arasında olur.
Bütün bunların fonunda 18 oktyabr, saat 00:00-dan etibarən Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verir.
Mərahim Nəsib