Mingəçevir şəhərinin mərkəzi küçələrindəki piyada zolaqlarının yararsız vəziyyətdə olması sakinlərin haqlı narazılığına səbəb olub. Şəhərin ən işlək küçələrindəki bu zolaqlar artıq tamamilə silinib və piyadaların təhlükəsiz hərəkətinə ciddi əngəl yaradır.
Bununla bağlı Oxu.Az-a şəhər sakini şikayət ünvanlayıb.
“Hər gün yüzlərlə insan – yaşlılar, uşaqlar, məktəblilər bu zolaqlardan istifadə etmək məcburiyyətindədirlər. Amma zolaqlar tamamilə silindiyi üçün yolu keçəndə həyatımızı riskə atmalı oluruq”, – deyə sakin yazıb.
O, əlavə edib ki, bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemi həll edən olmayıb.
Şikayətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq rənglənmə işlərinin AYNA tərəfindən görüləcəyi təsdiqləndi.
“Qeyd edək ki, regionlarda, yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi səlahiyyəti dövlət başçısının 13 mart 2024-cü il tarixli Fərmanı ilə AYNA-ya verilib. Hazırda digər regionlarda olduğu kimi, Mingəçevirdə də hazırlıq işləri görülür və nəticələrə uyğun olaraq müvafiq fəaliyyətə başlanılacaq.
Yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir”, – deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova