Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi təmir edilib.
Oxu.Az xəbər verir ki, bu barədə AAYDA-nın məlumatında qeyd olunub.
Bildirilib ki, təmir işləri küçənin Mərkəzi Nəbatat Bağının qarşısında yerləşən dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək olan təqribən bir km-lik hissəsində icra olunub:
“Qeyd edək ki, təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılıb.
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən, küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib”.
Xatırladaq ki, analoji işlər küçənin Mətbuat prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək olan hissəsi üzrə də yerinə yetirilib.