Yelisey sarayı ətraf mühitə qarşı: Ekologiyaya xərclənməyən vəsait, silahlandırılan Ermənistan

İqlim dəyişiklikləri bəşəriyyət üçün ən ciddi problemlərdən biri olaraq qalmaqdadır. Bu məsələ bütün qitələrin ölkələrinə və insanların həyatına mənfi təsir göstərməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına da maneə yaradır.

Azərbaycan qlobal iqlim çağırışlarının mahiyyətini dərk edərək bu sahədə cəsarətli addımlarla seçilir. Rəsmi Bakı ən yüksək səviyyədə bəyan edir ki, milli müstəvidə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioriteti uğurla həyata keçirilir. Ölkə hətta 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib və işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonalarının yaradılmasına start verilib.

Bakı bu ilin noyabrında BMT-nin ən nüfuzlu tədbirlərindən birinə – İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bununla da dünya ictimaiyyətinin diqqəti bir daha Azərbaycana yönələcək.

Bu konfransın əsas vəzifəsi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəyəcək yeni beynəlxalq iqlim maliyyə mexanizmlərinin razılaşdırılması olacaq. COP29 qlobal iqtisadiyyatın və milyardlarla insanın həyatının iqlim dəyişikliyinin fəlakətli təsirlərindən qorunmasında iqlim maliyyəsinin oynadığı həlledici rolu vurğulayan mühüm bir tədbir olacaq.

Uğurlu nəticələr əldə etmək üçün dünya ölkələrinin birgə hərəkət etməsi vacibdir. Lakin bəzi maliyyə və siyasi güc mərkəzləri, xüsusən də Fransa bu zərurəti qəbul etmək istəmir. Açıqlanan son rəqəmlər göstərir ki, Fransa bu sahədə, yumşaq desək, xəsislik nümayiş etdirir və ən cılız bəhanələrlə məsuliyyətdən yayınır.

Dünyaca məşhur “Bloomberg” yazır ki, Fransa iqlim maliyyəsinə sərhədləri xaricində kifayət qədər vəsait ayırmayan ölkələr sırasındadır. Paris iqtisadi çətinlikləri əsas gətirərək beynəlxalq iqlim dəstəyinə məhdudiyyətlər tətbiq edir. Bu isə Emmanuel Makronun rəhbərliyi altında Fransanın qlobal problemlərin həllinə biganə münasibət sərgilədiyini göstərir.

İqtisadi artımla bağlı proqnozların reallaşmaması hökuməti xərcləri azaltmağa məcbur edib. Bu çərçivədə nazirliklərin büdcəsi ixtisar edilərək 10 milyard avroya qənaət planlaşdırılır. Paris artıq bu qənaət planının tətbiqinə başladığını elan edib.

Burada haqlı sual yaranır: Necə olur ki, Fransa digər ölkələrin daxili işlərinə qarışmaq, onlara milyonlarla avro ayırmaq üçün vəsait tapır, amma bəşəriyyətin gələcəyi üçün vəsait tapmır? Məsələn, Afrikadakı keçmiş müstəmləkələrdə baş verən hərəkatları yatırmaq və Ermənistana silah tədarükünü maliyyələşdirmək üçün vəsait mövcuddur. Lakin iqlim dəyişikliyinə qarşı mübarizə üçün kifayət qədər maliyyə ayrılmır.

Bu faktlar göstərir ki, bəşəri ideallardan bəhs edən Fransa, əslində, gələcəyin ən mühüm problemlərinə etinasız yanaşır.

Azərbaycan üzərinə düşən beynəlxalq öhdəliklərə uyğun olaraq cəsarətli addımlar atır. Lakin keçmişdə koloniyalarını talayan Fransa kimi ölkələr bu gün iqlim problemləri ilə bağlı maliyyə öhdəliklərindən boyun qaçırırlar.

Fransanın İkinci Qarabağ müharibəsindən sonra Ermənistana ayırdığı yardımlara nəzər salaq. Məsələn, ötən ilin sentyabrında Fransa Ermənistana rəsmi olaraq 5 ton humanitar yardım göndərib. Qeyri-rəsmi məlumatlara görə isə bu “yardım məqsədli” vəsaitlərin ümumi məbləği yüzmilyonlarla avro həcmindədir. Bildirilib ki, bu yardımlar Qarabağdan köç edən ermənilər üçün nəzərdə tutulub. Yardımı İrəvandakı “Zvartnots” hava limanında Fransanın səfiri Olivye Dekottini və Ermənistanın səhiyyə nazirinin müavini Lena Nanuşyan qarşılayıblar. Humanitar yardımın çatdırılması üçün “Boeing 737-85R (SF)” təyyarəsi istifadə olunub və əsasən tibbi ləvazimatlardan ibarət olduğu bildirilib.

Bundan bir ay sonra isə Paris İrəvana əlavə olaraq 15 milyon avro təcili humanitar yardım ayırıb. “Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə davam edir. Noyabrın 30-da parlament Ermənistana təcili olaraq 15 milyon avronun ayrılmasını təsdiqləyib” , – rəsmi açıqlamada deyilir.

Bu faktlar Fransa hökumətinin iqlim məsələlərinə laqeyd münasibət göstərdiyini, lakin siyasi məqsədlərlə Ermənistana əhəmiyyətli vəsait ayırdığını bir daha təsdiqləyir.

Beləliklə, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27.5 milyon avro təşkil edir. Fransa Xarici İşlər Nazirliyində deyildiyi kimi, bu, BQXK, Ermənistan Qırmızı Xaç və BMT agentliklərinin işini gücləndirməyə kömək edəcək. Bundan əvvəl Paris İrəvana hərbi dəstək vermək niyyətini açıqlamışdı. 2024-cü il iyunun 18-də isə SEZAR artilleriya qurğularının tədarükü ilə bağlı müqavilə imzalanıb. Bu, 2024-cü il aprelin 19-da sərhədlərin delimitasiyası üzrə mühüm razılaşmaların əldə olunmasından sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi fonunda baş verib.

Ümumiyyətlə, Fransanın Ermənistan və Cənubi Qafqazla bağlı strategiyası siyasi, iqtisadi və hərbi məqsədlərin xaotik birləşməsidir. Yelisey sarayı İrəvandan istifadə edərək bir tərəfdən bölgədə sülhün bərqərar olması prosesinə zərbə vurmaq, digər tərəfdən isə silah satışından gəlir əldə etmək istəyir. Bu strategiyanın bir neçə əsas aspekti var. Birincisi, Fransa siyasi manipulyasiya siyasəti yeritməklə öz təsirini gücləndirmək üçün Ermənistanın ehtiyaclarından istifadə edir. Ermənistanı hərbi dəstək və texnologiya baxımından asılı dövlətə çevirib. Bu cür addımlar Ermənistanın Fransadan iqtisadi asılılığını artırır ki, bu da Parisə lazım gəldikdə İrəvana təzyiq göstərməyə imkan verir.

Beləliklə də, qeyd olunanlar bir həqiqəti üzə çıxarır, sözdə bəşəri ideyalardan, söz azadlığından “dəm vuran” Fransa kimi ölkələr bəşəriyyətin inkişafında deyil, onun tənəzzülündə maraqlıdır.

“Report” İnformasiya Agentliyi



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More