Altıncı qrant müsabiqəsinə layihə təqdim etmək istəyən KOB-lar üçün vebinar təşkil olunub

KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirdə 6-cı qrant müsabiqəsi ilə bağlı 70-dən çox KOB subyektinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair elan edilmiş 6-cı qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən onlayn tədbirdə müsabiqə ilə bağlı sahibkarlıq subyektlərinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

70-dən çox KOB subyektinin iştirakı ilə təşkil olunmuş tədbirdə KOBİA-nın Biznesə xidmətlər departamentinin əməkdaşları müsabiqənin şərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə KOB-ların inkişafı ilə bağlı təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim edə bilər. Layihələr müvafiq qurumların nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Ekspert Komissiyası tərəfindən qiymətləndirilir. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manatdır. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcəkdir.

Məlumat üçün bildirək ki, 6-cı qrant müsabiqəsinə sənəd qəbulu 23 oktyabr 2024-cü il saat 18:00-dək davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə müraciət formasında həyata keçirilir. Ətraflı məlumat üçün: https://bit.ly/40pm5y3

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More