“Amazon Web Services”in (AWS) baş direktoru Mett Qarman məsafədən işləməyə qarşı kompromissiz mövqe tutaraq əməkdaşlara faktiki olaraq ultimatum qoyub: ya ofisə qayıtmaq, ya da şirkəti tərk etmək.
Oxu.Az-ın məlumatına görə, bu barədə “TechCrunch” portalı xəbər verir.
Qarman vurğulayıb ki, beşgünlük ofis işi siyasətini bəyənməyənlər hələ də məsafədə iş təklif edən digər şirkətlərdə xoşbəxtlik axtara bilərlər. “Əgər bu fikir xoşunuza gəlmirsə, məsafədən işləyə biləcəyiniz bir çox başqa şirkətlər var”, – deyə o bildirib.
Daha əvvəl “Amazon”un baş icraçı direktoru Endi Cassi elan etmişdi ki, 2025-ci ildən etibarən şirkətin bütün əməkdaşları tam iş həftəsi ərzində ofisdə işləməyə məcbur olacaqlar.