“Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına elektrik enerjisinin ixracı ilə bağlı da müəyyən işlər görülür”.
Oxu.Az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev jurnalistlərin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında elektrik enerjisi mübadiləsi imkanlarına dair zəruri araşdırmaların aparılması məqsədilə Azərbaycan Respublikası energetika nazirinin 2021-ci il 3 avqust tarixli əmri ilə yaradılmış işçi qrupla Türkiyənin aidiyyəti qurumlarının nümayəndələri arasında da müxtəlif vaxtlarda görüşlər keçirilib:
“Türkiyə və Naxçıvan tərəfində olan ötürücü və paylayıcı yarımstansiyalar, elektrik verilişi xətlərinin mövcud vəziyyəti, sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiq sahələri, TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Xidmət arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb”.
Məhərrəm Əliyev