“Oktyabrın 11-də 23 yaşı tamam oldu. Zəng elədi ki, ad günümdür. Dedim, gələrsən, qeyd edərik. Özümüz isə qohumlarla yığışıb qeyd elədik. Oktyabrın 27-də isə Yusif şəhid oldu…” – deyə şəhidimiz Yusif Budaqovun anası Lətafət Budaqova oğlunun qəhrəmanlıq hekayəsini danışır.
“Atasının ili çıxmamış oğlum şəhid oldu. Gözümün ağı-qarası bircə balam idi. Vətən torpaqlarının azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı. Təsəllim odur ki, Vətənin azadlığı üçün şəhid olub…” – deyə ana kədər qarışıq qürurla dillənir…
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Onun xətrini hamı istəyirdi
Yusif Budaqov Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb. Anası xatırlayır:
“Yusif dərsini yaxşı oxuyurdu, amma bir az tənbəl idi. Təmizkar, sözəbaxan uşaq idi. Evin tək uşağı olduğu üçün bir sözünü iki eləmirdik. O da bizə hörmət edirdi, sözümüzə qulaq asır, dəstək olurdu. Xasiyyəti ciddi idi, amma kövrək ürəyi vardı, yaxşılıq etməyi sevirdi. Yusif idmanı xoşlayırdı, xüsusən futbol oynamağa marağı vardı. Müəllimləri, sinif yoldaşları onun xətrini çox istəyirdilər. Kollecdə oxuyanda tələbələrin, hərbi xidmətdə olanda əsgər və komandirlərin, məhəllədə dost-tanışların, iş yerində yoldaşlarının hörmətini qazanmışdı”.
Hərbi xidmətini başa vurandan sonra Yusif dizaynerlik peşəsi üzrə kolleci bitirib. Onda ailə Səbail rayonunda, Mehdi Hüseyn küçəsi, 51 ünvanında yaşayıb. İndi həmin ünvanda Yusifin barelyefi vurulub:
“Yusif evimizin yaxınlığında klinikada baş texnik kimi işə düzəldi. Sonra yoldaşım onkoloji xəstəliyə tutulanda puldan ötrü evimizi banka girov qoyduq. Ödəniş edə bilmədiyimiz üçün ev müsadirə olundu və biz kirayədə yaşamağa başladıq. Yusif hər şeyin yaxşı olacağını, yenidən ev də alacağımızı deyib bizə ürək-dirək verirdi”.
Y.Budaqov Vətən müharibəsi başlamamışdan ehtiyatda olan hərbi qulluqçu kimi hərbi təlimlərə cəlb olunub. Elə oradan da müharibəyə yollanıb…
“Tezliklə Şuşa bizimdir…”
Yusif onsuz da döyüşün neçə çətin olduğunu bilib. Cəbhə bölgəsində snayper-atıcı kimi hərbi xidmət keçib. Əsgərliyi Aprel döyüşlərinə təsadüf edib:
“Yusif Aprel döyüşlərində iştirak etdiyi üçün qürur duyurdu. Bizə, dostlarına düşmənin qorxaqlığından danışır və deyirdi ki, əgər müharibə olsa, bir aya torpaqlarımızı düşməndən azad edəcəyik”.
Amma Aprel döyüşləri onun yaddaşında dərin yara buraxıb: yaxın dostu qucağında can verib. O vaxtdan düşmənə içindəki nifrət daha da böyüyüb. Vətən müharibəsinin başlaması bu nifrəti daha da alovlandırıb…
“Yusifin döyüş yolu Füzulidən başladı. Daha sonra Cəbrayılın, Zəngilanın, Qubadlının azad olunması uğrunda döyüşlərin iştirakçısı oldu. Tez-tez telefonla danışırdıq, – deyə Lətafət ana bildirib. – Bir dəfə zəng vuranda, “narahat olma, hər şey yaxşıdır. Ermənilər elə qaçırlar ki, bizə ləzzət edir. Tezliklə Şuşa bizimdir”, – dedi. Yusifin narahatlığı təkcə mənə görə idi. Dostunun telefonuna göndərdiyi səs mesajında: “Müharibəyə kim getməlidir ki… Biz getməliyik, torpaqları işğaldan biz azad etməliyik. Vətəni oğullar qorumalıdırlar, qaçıb gizlənənlər, qorxaqlar bizdən deyillər. Buna görə sevinirəm. Narahatlığım isə anama görədir. Təkdir, onun fikir etməsini, məndən ötrü nigaran qalmasını istəmirəm”, – demişdi”.
“Yusif Budaqov şəhid olub!”
Yusif sonuncu dəfə oktyabrın 13-də anasına zəng edib. Xocavəndin işğaldan azad olunması uğrunda döyüşlərə qatılmazdan öncə anası ilə əlaqə yaradıb “dualarını əsirgəmə” deyib. “Mən də gecə-gündüz bütün əsgər balalarımıza dua edirdim”, – deyə ana həmin günləri xatırlayır.
Xocavənd uğrunda döyüşlərdən sonra Lətafət ana oğlundan xəbər tuta bilməyib. Narahat ana Səbail Rayon Polis İdarəsinin işçilərinin müşayiəti ilə Füzuliyə yollanıb:
“Gördüm ki, Yusifdən xəbər yoxdur. Oğlumun arxasınca özüm getdim. İçimdə bir ümid vardı. “Əgər balam şəhid olsaydı, bu qara xəbəri məndən gizlətməzdilər. Yəqin Yusifim yaralıdır, gedib görəcəyəm ki, hospitaldadır, sağdır. Balamın yaralarını sarıyacağam, öpüb, oxşayacağam, birlikdə Bakıya qayıdacağıq”, – deyə yolboyu düşünürdüm. Füzuliyə çatıb adını, soyadını söylədik, bir nəfər hərbi geyimli şəxs qarşısındakı dəftəri açan kimi – “Yusif Budaqov şəhid olub”, – dedi… Balamın nəşi morqda soyuducuda idi, üzünü açıb göstərdilər, güllə ürəyinə dəymişdi… Oktyabrın 30-da balamın cəsədini mənə təhvil verdilər. Oktyabrın 31-də Badamdar qəbiristanlığında dəfn elədik…”
“Kaş özü gələydi…”
Lətafət ana indi tək yaşayır. Evlə də təmin olunub, dövlət sosial qayğılarına da dəstək olur. Rayon İH nümayəndələri, müxtəlif qurumların rəhbərləri anaya tez-tez baş çəkirlər. Lətafət ana yaşadığı evin divarlarını Yusifin fotoları ilə bəzəyib. İndi bu adi ev deyil, qəhrəman şəhidimizin muzeyidir. Uşaqlar, gənclər üçün and yeridir. Fotolarda Yusifin uşaqlıq, məktəb və kollec illəri, hərbi xidmət, iş dövrü, nəhayət, cəbhədə keçirdiyi günlər əbədiləşib. Üzügülər, xeyirxah baxışlı, cəsur görünüşlü bir gənc boylanır fotolardan: “İndi mənə bu şəkillər qalıb. Baxıram, söhbət edirəm, təsəlli tapıram. Oxuduğu orta məktəbdə böyük bir büstü qoyulub. Adına Badamdar qəsəbəsində küçə verilib, Hökməlidə, atasının dəfn olunduğu qəsəbədə adına bulaq qurulub. Amma kaş özü gələydi…”
Yusif Budaqov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə rəşadətlə vuruşduğu üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. “Arzum budur ki, bir daha müharibə olmasın. Analar gözüyaşlı qalmasınlar, – deyir Lətifə ana. – Tez-tez şəhid anaları üçün təşkil edilən tədbirlərə dəvət alıram. Hamının kədəri birdir: oğul itirmişik… Amma hamımızın bir təsəllisi var: övladlarımız Vətən torpaqlarının azadlığı, balalarımızın azad və firavan yaşaması, ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban veriblər…”