“Ötən mövsüm “Qarabağ” Avropa Liqasında 1/8 finala yüksəlməklə tarixi uğura imza atmışdı”.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə millisinin və “Fənərbağça”nın sabiq hücumçusu Tuncay Şanlı deyib.
Ağdam təmsilçisinin UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcəyi oyundan danışan 43 yaşlı keçmiş forvard şansları dəyərləndirib. O, Azərbaycan çempionunun güclü komanda olduğunu bildirib:
“Bu komanda uzun illərdir Azərbaycanı Avropa meydanlarında yüksək səviyyədə təmsil edir. Düzdür, bu mövsüm Avropa Liqasına yaxşı başlamasalar da, yerli çempionatda gözəl oyun nümayiş etdirirlər. Komandanın çox yaxşı heyəti və potensialı var. Zənnimcə, “Ayaks”la matç “Qarabağ” üçün dönüş nöqtəsi olacaq. Qardaş ölkə təmsilçisinə qarşıdakı görüşlərdə uğurlar arzulayıram”.
“Beşiktaş”ın Avropa Liqasının əsas mərhələsinin ilk turunda “Ayaks”la keçirdiyi oyunu xatırladan tanınmış futbolçu deyib:
“Avrokuboklarda hər oyun çətin keçir. Bu cür turnirlərdə heç vaxt favorit olmur. Güclü komandalar xal itkisi yaşaya bilirlər. Bu fikirlərim “Beşiktaş” – “Ayaks” matçına da aiddir”.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də start götürəcək.