Bakıda ötən gündən bu gün səhərədək yağan güclü yağışın fəsadları davam edir.
Oxu.Az xəbər verir ki, Bakının Zığ qəsəbəsində (Suraxanı rayonu) iri ağacın aşması nəticəsində qaz borusu əyilib və təhlükəli vəziyyət yaranıb.
Hadisə bu gün saat 7:00-da Mədinə Gülgün küçəsində, yaşayış binasının həyətində baş verib. Sakinlərin sözlərinə görə, səhər tezdən güclü səs eşidilib.
“Məlum oldu ki, ağac evlərdən birinin yaxınlığında dayanan maşının üzərinə düşüb və avtomobilə zərər dəyib. Xoşbəxtlikdən, heç kim xəsarət almayıb. Baxmayaraq ki, bir çox insanlar bu küçədən istifadə edir, xüsusən də uşaqlar hər gün bu küçə ilə məktəbə gedib-gəlirlər. Ağacın götürülməsi üçün artıq bir neçə dəfə kommunal xidmətlə əlaqə saxlasaq da, reaksiya verən yoxdur. Daha doğrusu, gəlib baxıb söylədilər ki, hər şey qaydasındadır və getdilər”, – deyə sakinlərdən biri bildirib.
Digər vətəndaşın sözlərinə görə, ağac kökü ilə birlikdə aşıb və yaxınlıqdan keçən qaz xəttini zədələyib.
“Mənzil-Kommunal İstismar Sahəsinin işçiləri dedilər ki, ağacın çıxarılması mümkün deyil, guya bu, qanunla qadağandır, qaz borusunu isə tam yıxılmasın deyə dəmir əşya ilə bərkidib getdilər”, – deyə o bildirib.
Qeyd edək ki, hadisə ilə əlaqədar Mədinə Gülgün küçəsində evlərə qazın verilməsi dayandırılıb və mavi yanacağın verilişinin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.
Bundan başqa, sözügedən küçədə hər an aşmaq təhlükəsi olan bir neçə ağac var ki, onların bəziləri hətta yerli sakinlərin evlərinə və həyətyanı sahələrinə də zərər vura bilər. Problemin həlli üçün lazımi tədbirlərin görülməsi ilə bağlı vətəndaşlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.
Yelena Popova