Səkini zəbt edən mağaza vitrinləri – SUMQAYITDAN ŞİKAYƏT var

Sumqayıt şəhər sakinləri mağaza sahiblərinin vitrinlər ilə səkini zəbt etməsindən şikayətçidirlər.

Onlar bildiriblər ki, səkidə mağaza tərəfindən qoyulan vitrinlər sakinlərin gediş-gəlişini çətinləşdirir:

“Sumqayıt şəhər, 2-ci mikrorayon, Sülh küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsi, 3/26 nömrəli binanın arxasında avtobus dayanacağının olduğu səkiyə mağaza tərəfindən vitrinlər düzülüb. Şəhər sakinləri həmin yerdən keçəndə paltarlara toxunub aşırmamaq, yerə sərilmiş paltarları tapdalamamaq üçün qısıla-qısıla keçirlər. Piyada yolu vitrinlərdən azad olunsa, gediş-gəliş asanlaşar”.

Mövzu ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən küçədə sakinlərin hərəkətinə çətinlik yaradan maneə aradan qaldırılıb:

“Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətini mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılır, yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmaları onların diqqətlərinə çatdırılır. Qeyd olunan küçədə insanların hərəkəti üçün hazırda heç bir maneə yoxdur”.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More