Vətən müharibəsinin 29-cu günü: Qubadlı şəhəri və bir neçə kənd işğaldan azad edilir

2020-ci il oktyabrın 25-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi doqquzuncu günü.

Oxu.Az xatırladır ki, azğın düşmən yenə də Ağdam, Tərtər və Ağcabədini atəşə tutur. Goranboyun Meşəli kəndinə qadağan edilmiş raket atılır. Silahlı Qüvvələrimiz isə əməliyyat planına uyğun hərəkət edir, nəzarətə götürdüyü əraziləri bir qədər də genişləndirir, cəbhənin Xocavənd, Qubadlı və Laçın istiqamətində düşmənin müqavimətini zəiflədərək müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyir.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də iki tankı, iki PDM-i, dörd “D-30” haubitsa topu, bir “2A36” “Qiasint-B” topu, yeddi ədəd avtomobil texnikası məhv edilir və ya sıradan çıxarılır. Ermənistan silahlı qüvvələrinin 543-cü alayının 1-ci taborunun bölmələri canlı qüvvə və hərbi texnikada itkilər verərək geri çəkilirlər. Ermənistandan Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin növbəti böyük hissəsi məhv edilir.

Döyüş meydanı ilə yanaşı, informasiya müharibəsi də davam edir. Bu savaşın önündə dayanan Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində düşmənin tirajladığı yalan xəbərlərə aydınlıq gətirir, jurnalistin təxribat xarakterli suallarını faktlarla cavablandırır:

“Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim? Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir”.

Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilir. Döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bir aya yaxın müharibə getdiyini xatırladan İlham Əliyev bu müddət ərzində ölkəmizin döyüş meydanında böyük uğurlar əldə etdiyini qeyd edir:

“Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik”.

Bütün bunların fonunda rəşadətli Ordumuz düşmənin başını ön cəbhədə əzir. Ən asası isə Zəngilanın dörd, Cəbrayılın beş, Qubadlının yeddi kəndi və Qubadlı şəhəri işğalçılardan azad edilir. Bu xəbəri də xalqa Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çatdırır:

Beləliklə, müharibənin iyirmi doqquzuncu günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More