Avropa futbolunun növbəti günündən sonra UEFA əmsallar cədvəli dərc olunub.
Oxu.Az xəbər verir ki, Avropa və Konfrans liqalarında baş tutan matçlar cədvəldə ciddi dəyişikliklərə səbəb olub.
Yunanıstan, Danimarka, Şotlandiya, Bosniya və Herseqovina, Macarıstan, İslandiya və Uels kimi ölkələr cədvəldə irəliləyişə nail olub. İsveçrə, İsrail, İsveç, Slovakiya, Latviya, Farer adaları, Qazaxıstan və Gürcüstan isə geriləyib.
“Qarabağ” “Ayaks”a 0:3 hesabı ilə uduzsa da, ölkəmizin mövqeyi cədvəldə dəyişməz qalıb – 19.125 xalla 28-ci pillədə qərarlaşıb. Cədvəldə bizdən öndə olan Bolqarıstan da eyni xal ehtiyatına sahibdir, bizdən geridə olan Rusiya isə bu il Avrokuboklarda heç bir klubla təmsil olunmayıb.
Aydındır ki, cari mövsümün qazancı da dəyişməyib və 2.375 xal qalıb. Ölkə reytinqi üçün “Zirə” 1.250 xal, “Qarabağ” 0.750 xal, “Sabah” 0.250 xal və “Sumqayıt” 0.125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 94.303 xal.