Baltimor şəhərində (ABŞ) “Francis Scott Key” avtomobil körpüsünün dağılmasına səbəb olan yük gəmisinin sahibi Sinqapur gəmiçilik şirkətləri “Grace Ocean” və “Synergy Marine” ABŞ federal hakimiyyəti ilə 101 980 000 dollar (173.3 milyon manat) məbləğində kompensasiya ödəməsi barədə razılığa gəliblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Ədliyyə Nazirliyi xəbər yayıb.
Bildirilib ki, bu məbləğ belə hadisələr tarixində ən böyük cərimələrdən biri olacaq.
Qurum qeyd edib ki, mülki iddianın tez bir zamanda həlli nazirliyin vəkillərinin səylə işləməsi sayəsində mümkün olub.
Cərimə məbləği ABŞ xəzinəsinə daxil olacaq və hadisədən zərərçəkmiş, həmçinin onun nəticələrinin aradan qaldırılmasında iştirak edən federal qurumlar arasında bölüşdürüləcək.
Xatırladaq ki, martın 26-da Sinqapurun “Dali” konteyner gəmisinin körpünün dayağına çırpılması nəticəsində infrastruktur uçub. Nəticədə onun üzərində olan avtomobillər suya düşüb, altı nəfər həlak olub. O da bildirilir ki, uçan körpü ABŞ-də 81 milyard dollarlıq (137.7 milyard manat) ticarət böhranına səbəb olub.