ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla telefon danışığında Vaşinqtonun yəhudi dövlətini İrana endirdiyi zərbədən sonra müdafiə etməyə hazır olduğunu bildirib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqon sözçüsü Patrik Rayderin yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, Ostin İsrail Müdafiə Ordusunun İrandakı hərbi hədəflərə endirdiyi zərbə barədə son məlumatları almaq üçün Qalantla söhbət edib.
“Nazir Ostin ABŞ-nin İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna sarsılmaz sadiqliyini təsdiqləyib. O vurğulayıb ki, ABŞ-nin döyüş hazırlığı İran və onun dəstəklədiyi terror qruplarının təhdidləri qarşısında ABŞ qüvvələrini, İsraili və regiondakı tərəfdaşları qorumaq məqsədilə artırılıb. ABŞ hər hansı bir subyektin gərginlikdən istifadə etməsinə və ya regiondakı münaqişəni genişləndirməsinə qəti şəkildə imkan verməyəcək”, – deyə sənəddə bildirilir.