Yazıçı Tahirə Cəfərova: “Babam haqqında pıçıltı ilə danışırdılar”

“Hər ailənin öz povesti, öz əfsanəsi, öz yaddaşı var. Hamı kimi mənim üçün də bu yaddaş uşaqlıqdan başlayır. Biz o zaman sovet məktəbində oxumuşuq, sovet ruhu ilə tərbiyə almışıq. Ona görə ailəmizin tarixçəsi haqqında bir çox faktları və hadisələri bizdən gizlədiblər. O dövrdə baş verənlər isə bizim ailəmizə təsirsiz ötüşməyib”, – deyə Finlandiyada yaşayan yazıçı və tərcüməçi Tahirə Cəfərova babasının ailəsini və öz həyatını – iki nəsli əhatə edən hekayəsini danışır. Həyat hekayəsinin hadisələri və faktları 19-cu əsrə gedib çıxır…

“Kaspi” qəzetinin həmsöhbəti Tahirə Cəfərova Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL), Finlandiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin fəxri üzvüdür.

“Əlvida, Tsitsianovskaya…”

Təbriz Xəlilbəyli, 39 ünvanda – vaxtilə babasının tikdirdiyi üçmərtəbəli mülkün üçüncü mərtəbəsindəki mənzillərində onunla görüşürük. “İndi bu ev demək olar ki, satılıb. Əvvəllər bu küçə “Tsitsianovskaya” adlanırdı. Mən “Əlvida, Tsitsianovskaya…” adlı bir məqalə da yazdım. Burada bizim nəslin unudulmaz xatirələri yaşayır. Bu evdə o dövrün ən məşhur adamları qonaq olub. Nəriman Nərimanov mart qırğınlarında daşnak-bolşeviklərdən bu evdə gizlənib…”, – deyə söhbətinə yaşadığı mənzilin tarixçəsindən keçid edir: “Bu tarixi binanı babam tikdirib. Binanın gizli çıxışı indiki Dilarə Əliyeva küçəsinə çıxırdı. İndi də divar sobasında Bakını tutan bolşeviklərin gülləsinin izi qalıb”, – deyə əli ilə göstərir: “Güllə atamın bibisini də yaralamışdı. Sonra onlar binanın arxa qapısından qaçmışdılar. O zaman birinci mərtəbədə qulluqçular yaşayırdı. Arxiv materiallarından məlum olur ki, sonra binadakı evləri kirayə veriblər. Binanın memarı Nikitin özü bu prosesdə iştirak edib. Köhnə qonşuların dediyinə görə, nə vaxtsa binanın ikinci mərtəbəsində Tağıyevin birinci nikahından olan oğlu Sadıq da ailəsi ilə yaşayıb.

İnqilabdan sonra babamgilin başına gələn hadisələrə görə mülkü də əllərindən alıblar və bütün ailəni üçüncü mərtəbədəki mənzilə köçürüblər. Biz indi həmin mənzildəyik…”

Milyonçunun ən etibarlı adamı

“Babam Ağa Mehdi milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikini idarə edib. Babamın inqilabdan əvvəlki fəaliyyəti Tağıyevlə sıx bağlı olub. Babam onun böyük etimadını qazanmışdı. Əvvəlcə Tağıyevin Bibiheybətdəki neft mədənlərinə, 1909-cu ildən isə toxuculuq fabrikinə rəhbərlik edib. Tağıyevin fabriki o zaman Rusiyanın cənubunda xüsusən məşhur idi. Fabrik binalarından savayı ərazidə məscid, hamam, məktəb, xəstəxana tikilmişdi. Babam fabrikdə rus və müsəlmanların dram dərnəyini də yaratmışdı. Tamaşalardan yığılan vəsaitin bir hissəsi kasıb fəhlələrin xeyrinə xərclənir, bir hissəsi pyesin hazırlanmasına və teatrın fonduna gedirdi. Bakı həmin illərdə teatral şəhər idi. Tağıyev Teatrı da bu sahədə öndə gedirdi. Bu prosesdə babamın və qardaşlarının böyük əməyi vardı”.

“Mən babamı görməmişəm”

“Mən babamı görməmişəm”, – deyə Tahirə xanım xatırlayır: “Evimizdə onun fotosu da yox idi. Babam haqqında həmişə pıçıltı ilə danışırdılar. Bu pıçıltılardan mən çox şey öyrənmişəm. Çox vaxt da bizim başa düşməməyimiz üçün fransız dilində danışırdılar. Pıçıltı ilə deyirdilər ki, o, Türkiyəyə emiqrasiya edib. Təkcə atamın bibisi Məryəm xanım deyirdi ki, atası xeyirxah və cəsarətli adam, ədalət tərəfdarı olub. Düzdür, hələ ötən əsrin sonlarında çıxan qəzetlərdə, o cümlədən, “Kaspi” qəzetinin xronikasında da babamın həyatı haqqında nəsə tapmaq olar. Bəzi arxiv sənədləri də bizə gəlib çatıb. Amma babam və ailəsi haqqında çox məlumatlar keçmişin qaranlığında itib-batıb”.

Tahirə xanım danışır ki, babasının qardaş və bacıları hamısı ali təhsilli olublar: “Ulu babam Məşədi Cəfər də alim idi. O, fars və ərəb dillərini gözəl bilirmiş, uşaqlara məktəb elmləri haqqında dərs öyrədirdi. İki dəfə ailə qurmuşdu. Mənim babam onun birinci həyat yoldaşından, Rahim, Qasım və Xaliq isə ikinci həyat yoldaşı Bədircahan xanımdan doğulmuşdu. Babam Ağa Mehdi də atası kimi ərəb və fars dillərini, həmçinin rus dilini yaxşı bilirdi. Əlimə çatan arxiv materiallarından öyrəndim ki, babam Mixaylovski şəhər məktəbini bitirib. Sonra Tbilisidə mühasibatlığa yiyələnib. Tağıyev hər ay mənim babama 25 rubl göndərirmiş. Ağa Mehdinin qardaşı Ağa Rahim Təbiət Tarixi Muzeyini təsis edib. Qasım ilk hüquq professoru və ADU-nun hüquq fakültəsinin ilk dekanı olur. Əbdül Xaliq tibb üzrə ilk professor olaraq Dəri-Zöhrəvi Dispanserin əsasını qoyur. Onlar hamısı Tağıyevin göndərdiyi pulla oxumuşdular. Bibilərim də təhsilli idilər. Mərdəkandakı bağ evimizi Tağıyevin bağından yalnız bir divar ayırırdı. Babamla Tağıyev çox yaxın idilər. Babamın qardaşı Qasım bəy milyonçunun birinci həyat yoldaşından olan nəvəsi Zərrintac xanımla evlənmişdi”.

“Arxiv sənədlərindən məlum olur ki…”

“Arxiv sənədlərindən məlum olur ki, babam 1911-ci ildən özü də sahibkara çevrilib. O, neft müqavilələri və tekstil işi ilə məşğul idi. İndiki Hüsü Hacıyev (köhnə Bazarnı) küçəsində dükanları, bir neçə evi və bağı vardı. Qardaşı Rəhim ona işlərində kömək edirmiş. Babam 1920-ci ilə qədər fəaliyyətini Bakıda davam etdirib. Qızıl ordu Bakını işğal edəndə bir çoxları kimi bolşevik hakimiyyətinə inamı olmadığı üçün o da Türkiyəyə emiqrasiya edib. Ailə üzvlərimizin danışdıqlarına görə, o, Bakıdan məşhur neft sənayeçisi Balabəy Aşurbəyovla birlikdə gedib. 1925-ci ildə Balabəy Bakıya qayıdıb. Repressiya illərində onu həbs edib, 1937-ci ildə isə güllələyiblər”.

Ağa Mehdi Cəfərovun faciəli və sirli ölümü

“Türkiyə ilə sərhədlər bağlandığı üçün babam orada qalmalı olur. Sonra o, sirli şəkildə vəfat edir”, – deyə Tahirə xanım davam edir: “Qardaşları və uşaqları Bakıda babamın Tsitsianovskaya küçəsi, 39 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yaşayırdılar. Uzun axtarışlardan sonra babamın 1924-cü ilin əvvəlindəki vəfatı ilə bağlı sənədlər əlimə keçdi. Sən demə, o vaxt babamın haqqında da Bakıda söhbətlər gedir, taleyini müzakirə edirmişlər. Bu haqda Paris arxivlərində saxlanan sənədlərdən öyrəndim. Babamın vəfatından sonra, 1924-cü ilin aprelində Fransada yaşayan Əlimərdan bəy Topçubaşov silahdaşı Məhəmməd Əmin Rəsulzadəyə “Ağa Mehdi Cəfərovun faciəli ölümünü böyük təəssüf hissi ilə qarşıladım. O, vicdanlı və işgüzar sahibkarlardan biri idi. Onun ölümünün sirri qaranlıqdır…”, – deyə yazıb. Amma başqa bir mənbədə REA-nın elmi katibi İsxakov yazırdı ki, azərbaycanlı fabrik sahibi sovet hökuməti qurulandan sonra Türkiyəyə emiqrasiya edib və orada intihar edib”.

Mərdəkandakı uşaqlıq illəri

T.Cəfərova davam edir: “Babamın Məryəm, Tamara, Sürayə və Sara adlı dörd qızı, Cəfər və Ənvər adlı iki oğlu olub. Mənim atam Ənvər anadan olanda doğuş zamanı anaları rəhmətə gedib. Onları nənələri böyüdüb. Əmim Cəfər ilk alman dili mütəxəssisi və Azərbaycan Pedaqoji İnstitutunun alman dili fakültəsinin dekanı idi. Atam Ənvər ailənin kiçik oğlu idi. O, geofizik idi, Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyirdi. Əmim 1922-ci ildə Almaniyaya oxumağa gedəndə atamla bibim Tamara da onunla birlikdə gediblər. Atam Berlindən qayıdandan sonra Bakıda neft sahəsi üzrə təhsil aldı, Sabunçu neft yatağında işlədi, daha sonra Geologiya İnstitutunda oxudu. Bizim evdə ingilis, fransız və alman dillərində danışırdılar. Mən də onlara baxıb dilləri öyrənmək istəyirdim”. Tahirə xanım deyir ki, uşaqlığı müharibə dövrünə düşsə də, xoşbəxt və şən keçib: “Uşaqlığım Mərdəkandakı bağımızda keçib. Müharibə illərində valideynlər işdə olduqları üçün bizə vaxt ayıra bilmirdilər. Mən və qardaşım bağda bibimin və nənəmin yanında qalırdıq. Sonra o bağ babamın qardaşı Qasım bəyin oldu. Kollektivləşmə zamanı bolşeviklər bağı onun əlindən aldılar. Bağ sahibsiz qalıb dağıldı. O zaman Qasım bəy məhkəmə yolu ilə bağı geri ala bildi”.

Finlandiyaya aparan yol

Tahirə xanım Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirib. Sonra ixtisasını dəyişərək həyatını dil və ədəbiyyat sahəsi ilə bağlayıb: “Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldım və öz düşüncə tərzimi yenidən qurdum, dünyagörüşümü dəyişdim”, – deyə Tahirə xanım hekayəsinə davam edir: “Finlandiyaya 1984-cü ildə getdim. İnstitutu bitirən kimi fin ədəbiyyatından tərcümələrə başladım. SSRİ Yazıçılar İttifaqında tərcüməçi kimi çalışırdım. Finlandiyaya gələndə, buradakı ədəbi dairələr məni artıq tərcüməçi kimi tanıyırdılar. Bununla belə, Finlandiya yazıçıları öz aralarında mənim azərbaycanlı olduğumu, Moskvada Azərbaycan yazıçıları nümayəndə heyətini müşayiət etdiyimi deyirdilər.

SSRİ Yazıçılar İttifaqı finlandiyalı qonaqlara Moskvadan hara, hansı respublikalara səfərlə bağlı seçim imkanı verəndə mən onlara həmişə Azərbaycanı tövsiyə edirdim. Bunun doğma yurduma məhəbbətdən savayı bir izahı da vardı – bir daha Bakıya getmək, doğmalarımla görüşmək istəyi…” T.Cəfərova danışır ki, SSRİ Yazıçılar İttifaqı ilə Finlandiya Yazıçılar İttifaqı arasında sıx əlaqələr mövcud olduğundan Finlandiyadan yazıçılar heyəti gələndə onu dəvət edirdilər: “Bu görüşdən sonra Veyo Meri adlı fin klassikini tərcümə eləməyə başladım. Müasir klassik Veyo Meri Moskvaya gələndə Yazıçılar İttifaqında müəllimimiz professor Vladimir Boqaçov mənə dedi ki, sən onunla görüşə bilərsən. Lakin icazə almaq şərti ilə. O vaxt Heydər Əliyev Moskvada Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini idi. Ziyalılar ilə görüşəndə Heydər Əliyev demişdi ki, sizin üçün yaşıl işıq, yol açmışam. SSRİ Yazıçılar İttifaqının Xarici Komissiyasına getdim. Meri ilə görüşə icazə verdilər.

Həyat yoldaşım Reyno Viitala ilə Moskvada tanış olmuşdum. O, SSRİ-Finlandiya Dostluq Cəmiyyətinin sədri idi. Rus dilini öyrənirdi, milliyyəti fin idi. Bizim toyumuz 1984-cü ildə Moskvada “Berlin” restoranında oldu. Onun bütün qohumları Finlandiyadan toya gəlmişdilər. Bundan sonra məni Finlandiyaya sərbəst buraxdılar. Mən Finlandiyanın Tampere Universitetində əvvəlcə slavyanşünaslıq, sonra professor Yure Varpionun rəhbərlik etdiyi fin ədəbiyyatı və incəsənəti fakültəsində dərs deməyə başladım.

İllər keçdikcə təkcə fin dilindən rus dilinə deyil, həm də Azərbaycan dilinə də tərcümələr etdim. Dörd antologiyanı tərcümə etmişəm. 2015-ci ildə Fikrət Qocanın məsləhəti ilə Azərbaycan poeziyasını fin dilinə tərcümə etməyə başladım. İlk hekayələrim və povestlərim Bakıda “Literaturnıy Azerbaydjan” və “Azərbaycan” jurnallarında dərc olunub. Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusunu fin dilinə tərcümə etmişəm. Uğurun əsas sübutu isə odur ki, bu kitablar indi də internetdə baha qiymətə satılır”.

“Finlandiyadakı azərbaycanlılar”

T.Cəfərova Finlandiya Milli Arxivində elmi-tədqiqatlar da aparıb: “Finlandiyada olan azərbaycanlılar haqqında elmi araşdırma apararkən fars şahzadəsi general Əkbər Mirzə Qacar (1854-1919), otuzuncu illərin əvvəllərində Tamperedə “Turan” qəzetini maliyyələşdirən zəngin tatar taciri Axsena Beren (Zinətullah Axsen İmadetdinov), “Turan” qəzetinin baş redaktoru Məmməd Sadıq Axundzadə, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və başqaları haqqında arxiv materialları və digər maraqlı faktlar əldə etdim. Bu vaxtadək heç kim bilmirdi ki, Məhəmməd Əmin Rəsulzadə Moskvada harada yaşayıb. Mən Finlandiya arxivindən belə bir material tapdım. M.Ə.Rəsulzadə yazır ki, o, Moskvaya gəlib Priçinskiy bulvar, 29 ünvanında yaşayıb. Bundan sonra Moskvadan mənə çoxlu zənglər gəldi. “Köhnə Bakının əfsanələri və Suomiyə gedən yol” kitabımda “Finlandiyadakı azərbaycanlılar” adlı mühüm fəsildə Məhəmməd Əmin Rəsulzadənin Finlandiyadan Türkiyəyə mühacirət etməsi faktının üzə çıxmasını yazmışam. O, tatar icmasının dəstəyi sayəsində bir ay Finlandiyada olub”.

“İmkanlı qohumlarım məni tərk ediblər”

T.Cəfərova deyir ki, xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Əməkdar İncəsənət xadimi” fəxri adı ilə təltif edilib: “Vətəndən uzaqlarda yaşasam da, bir dəqiqə də olsun Azərbaycanı, xoşbəxt uşaqlıq və yeniyetməlik yaşadığım şəhərim Bakını, sevgi və qayğı ilə əhatə olunan doğmalarımı unuda bilmirəm. Hazırda Helsinkidə qızım Nərgizlə yaşayıram. O, Fin Gimnaziyasını və Biznes Kollecini bitirib, iqtisadiyyat, kompüter proqramları ilə məşğul olur. İndi Finlandiyada iqtisadi vəziyyət yaxşı deyil. Finlandiya uzun illərdir ki, ən xoşbəxt ölkə deyil.

Ona görə də vətənimdə olmaq istərdim, amma təəssüf ki, özümü dolandırmağa imkanım yoxdur. İmkanlı qohumlarım məni tərk ediblər…”



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More