Zaman keçdikcə İsrailin İrana oktyabrın 26-da baş tutmuş hücumunun yeni təfərrüatı və detalları üzə çıxır. Və məlum olur ki, İsrail aviasiyasının zərbələri nəticəsində İranın məruz qaldığı itkilər rəsmi Tehranın iddia etdiyindən qat-qat böyükdür. Söhbət təkcə insan itkisindən getmir, hərçənd bu baxımdan da İsrailin İrana hücumu Tehranın bu ilin aprel və oktyabr aylarında İsrailə qarşı həyata keçirdiyi “Doğru vəd – 1” və “Doğru vəd – 2” əməliyyatları ilə müqayisə oluna bilməz.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
İran tərəfi İsrailin hava zərbələri nəticəsində əvvəlcə iki, daha sonra dörd hərbçisinin həlak olduğunu açıqlayıb, ardınca isə İsrail raketinin düşməsi nəticəsində Şəmsabad bölgəsində bir mühafizəçinin də öldüyü məlum olub. Amma bəzi mənbələr ölü sayının 20 nəfərdən çox olduğunu bildiriblər.
Bununla belə, İran rəsmi qurumları İsrailin həyata keçirdiyi hücumun ölkəyə ciddi bir ziyan vurmadığını iddia ediblər. Hücumdan dərhal sonra İran Silahlı Qüvvələrinin Baş Qərargahı yaydığı xüsusi bəyanatda İsrailin atdığı uzaqmənzilli raketlərin ölkəyə “məhdud və az təsirli xəsarət yetirdiyini” vurğulayıb. O da qeyd olunub ki, İsrail aviasiyasının İraq səmasından, İranla sərhəddən təqribən 100 kilometr məsafədən “çox yüngül başlıqlara malik” raketlərlə endirdiyi zərbələr nəticəsində bir neçə radar qurğusuna ziyan dəyib, onların da bəzisi dərhal təmir olunub, qalanları da təmir edilməkdədir. Lakin sonrakı günlərdə ortaya çıxan faktlar, eləcə də peyk çəkilişləri, o cümlədən Parçindəki hərbi obyektə və bütövlükdə ölkənin hava hücumundan müdafiə sisteminə vurulan ağır zərbələr bu açıqlamanın İsrailin İrana ilk açıq və birbaşa hücumunun real nəticələrini ciddi şəkildə kiçiltməyə və bir növ ört-basdır etməyə yönəldiyini nümayiş etdirib.
İran rejimi çətin seçim qarşısında