COP29 zamanı tibb müəssisələri necə işləyəcəklər? – TƏBİB-dən AÇIQLAMA

“COP29 Əməliyyat Şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib. Bütün bu aylar ərzində mütəmadi görüşlər keçirilib, tibb və qeyri-tibb personalı üçün treninqlər təşkil olunub”.

Oxu.Az xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.

O, yaradılan şəraiti açıqlayıb:

“Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi xüsusi monitor və oksigen panelləri ilə təmin olunub, şöbədə 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində üç, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində dörd, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində üç çarpayı və bir əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq, tədbir üçün ayrılıb.

COP29 tədbirinin keçirildiyi müddət ərzində fövqəladə hallar baş verərsə, Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib.

COP29 tədbiri dönəmində hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb.

Yanıq xəsarətləri üzrə ehtimalları nəzərə alaraq, keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb. Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb”.

Direktor əlavə edib ki, tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans (IVECO markalı) artıq təhkim olunub:

“Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış hotellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcəklər. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib. Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl və təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 488 nəfər artıq təlimləri uğurla başa vurub. Buraya həkimlər, orta tibb işçiləri və sürücülər daxildir. Dil bilgilərini təkmilləşdirmək üçün ingilis dili kurslarında isə 331 nəfər iştirak edib”.

V.Qurbanov vurğulayıb ki, tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionundakı həkim məntəqələrinə ingilis dili biliyi olan ixtisaslı həkim və orta tibb işçiləri cəlb ediliblər:

“COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarəedilməsi üzrə keçirilən monitorinqlərdə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadaları müxtəlif marşrut və ssenarilər üzrə yoxlamaları uğurla yerinə yetiriblər”.

Daha ççox foto burada: PhottoStock.az

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More