Azərbaycan Premyer Liqasının XII turu aşağı məhsuldarlıqla əlamətdar olub. Baş tutan beş görüşdə beş qol vurulub.
Oxu.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yalnız “Şamaxı” – “Zirə” görüşündə (0:2) iki qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında bir top vurulub.
Turun mərkəzi görüşü sayılan “Turan Tovuz”la “Qarabağ”ın matçı isə qolsuz başa çatıb. Turda orta məhsuldarlıq 1.00-ə bərabər olub.
Qeyd edək ki, bu, son səkkiz mövsümün antirekordudur. Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın keçirildiyi XXII turda 4 (orta məhsuldarlıq 1.00), II turda cəmi 3 (orta məhsuldarlıq 0.75) qol qeydə alınıb.