İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin baş prokuroru Qali Baharav-Miaraya məktub göndərərək, təhlükəsizlik məsələləri üzrə iclaslardan sızan məlumatların araşdırılmasını tələb edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, mesajın mətnini hökumət başçısının dəftərxanası dərc edib.
“Arası kəsilmədən ciddi sızmalar axını və məxfi məlumatların açıqlanması kimi hallar baş verib. Mənim bu sızmaların araşdırılması ilə bağlı dəfələrlə müraciətlərimə baxmayaraq, heç nə edilməyib”, – deyə Netanyahu baş prokurora məktubunda yazıb.
Qeyd edək ki, noyabrın əvvəlində “The Times of Israel” qəzeti İsrail kəşfiyyat xidmətlərinin məxfi məlumatların sızdırılması ilə bağlı bir neçə şübhəlini saxladığı barədə xəbərlər yayıb. Məlumatlara görə, baş nazirin dəftərxanasının keçmiş mətbuat müşaviri Eliezer Feldşteyn keçən həftə Avropa xəbər agentliklərinə ötürülməsi üçün ordunun məlumat bazasından informasiyaların əldə edilməsində şübhəli bilinərək həbs olunub.