CERN-dən (Avropa Nüvə Tədqiqatları Təşkilatı) olan fiziklər ilk dəfə olaraq antimaddənin digər laboratoriyalara daşınması üsulunu yoxlamaq üçün yeni qurğudan istifadə edərək, adi subatom hissəciklərin daşınmasını həyata keçiriblər. Bu, antimaddəni daha böyük dəqiqliklə öyrənmək üçün lazımdır.
Oxu.Az bu barədə “ScienceAlert”a istinadən xəbər verir.
Antimaddə adi maddənin güzgü əkizidir. Onlar arasındakı əsas fərq hissəciklər və antihissəciklərin əks yüklərə malik olmasıdır. Antimaddə hissəcikləri adi maddə hissəcikləri ilə, hətta hava ilə qarşılıqlı təsirdə olduqda, iki növ hissəcik enerji ayrılması ilə məhv olur.
Buna görə də, antimaddə uzun müddət mövcud olmur və onu öyrənmək çox çətindir. CERN-də fiziklər antiproton yavaşladıcısı olan Antiproton Decelerator sinkrotronunda antimaddə yaradırlar. Bundan sonra antimaddə öyrənilmək üçün qonşu qurğulara köçürülür.
Alimlərin sözlərinə görə, protonların antihissəcikləri olan antiprotonların fundamental xüsusiyyətlərini daha yaxşı başa düşmək üçün digər laboratoriyaların avadanlıqlarından istifadə etmək lazımdır.
Antimaddəni uzun müddət saxlamaq üçün onu divarlara toxunmaması üçün güclü elektromaqnit sahəsi olan konteynerdə yerləşdirmək lazımdır. Lakin antimaddə uzaq məsafələrə daşınmanı pis keçirir. Antihissəciklər uzun səyahət zamanı sadəcə konteyneri məhv edə bilərlər.
Buna görə də, fiziklər BASE-STEP adlanan xüsusi antimaddə tələsi yaradıblar. Bu tələ antimaddəni uzun müddət saxlaya bilir ki, onu uzaq məsafələrə daşımaq mümkün olsun.
BASE-STEP, uzunluğu 1.9 m olan Antiproton Decelerator-un portativ versiyasıdır, yəni tələ antiprotonların yavaşladılması üçün sinkrotrondan 5 dəfə kiçikdir. Bu konteyner antihissəcikləri zərbə və silkələnmədən qoruya biləcək şəkildə hazırlanıb.
Fiziklər bu qurğunu CERN ərazisində yük maşını ilə adi protonların daşınması zamanı sınaqdan keçiriblər. Hissəciklər səyahəti uğurla başa vurublar, onların birləşməsi baş verməyib və bu da fiziklərin sözlərinə görə o deməkdir ki, antiprotonlar da digər laboratoriyaya köçürülməni davam gətirə biləcəklər.
BASE-STEP antihissəciklərin saxlanması üçün vakuum kamerası, elektromaqnit sahələrinin yaradılması üçün ifrat keçirici maqnit, maqnitin soyutma sistemi və bütün bunların işləməsi üçün batareyalardan ibarətdir.
İndi alimlər gələn il antimaddə hissəciklərinin sınaq daşınmasını həyata keçirməyi planlaşdırırlar. Fiziklər antimaddəni Avropada istənilən laboratoriyaya daşımaq imkanına malik olmaq istəyirlər ki, orada antihissəcikləri 100% dəqiqliklə öyrənmək mümkün olsun.