“Monako”nun keçmiş hücumçusu Vissam Ben-Yedder zorlamada təqsirli bilinib.
Oxu.Az xəbər verir ki, bu barədə RMC Sport agentliyi məlumat yayıb.
Məhkəmə, oyunçunu 6.5 min avro məbləğində təzminat ödəmək öhdəliyi ilə iki il şərti həbs cəzasına məhkum edib.
Oktyabrın 16-da prokuror futbolçuya 2 il 6 ay həbs cəzası istəyib ki, onun 18 ayı şərti cəza kimi nəzərdə tutulub. Məhkəmə zamanı Ben-Yedder həmin vaxt sərxoş olduğu və təfərrüatları xatırlamadığı üçün ifadə verə bilmədiyini deyib. Müdafiə tərəfi həmçinin bildirib ki, Ben-Yedder hazırda alkoqol asılılığından müalicə alır.
Ben-Yedderin 34 yaşı var və 2019-2024-cü illərdə “Monako”da çıxış edib. 2019/20 mövsümündə o, Kilian Mbappe ilə birlikdə Fransa çempionatının bombardiri olub (18 qol).
Ben-Yedder Fransa millisində 19 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Komanda ilə birlikdə Millətlər Liqasının qalibi olub (2021).