İlon Maskın Tramp administrasiyasında hansı vəzifəni tutacağı məlum oldu

Dünyanın ən zəngin insanı, amerikalı milyarder İlon Mask və keçmiş prezidentliyə namizəd, sahibkar Vivek Ramasvami yeni Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcəklər.

Oxu.Az-ın “İnterfaks”a istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp bildirib.

“Bu iki əla amerikalı birlikdə mənim administrasiyama hökumət bürokratiyasının ləğvi, artıq normativ aktların azaldılması, israfçı xərclərin və federal agentliklərin yenidən qurulmasında kömək edəcək”, – deyə Trampın bəyanatında bildirilir.

O, Maskın sözlərini sitat gətirərək, bunun sistemdə və dövlət vəsaitlərinin israfına aidiyyəti olan hər kəsdə şok yaradacağını deyib.

Eyni zamanda, ABŞ-nin seçilmiş prezidenti yeni departamentin yaradılması barədə məlumat verdikdən sonra Mask şəffaflığı təmin etmək üçün qurumun bütün fəaliyyəti barədə hesabatı internetdə dərc edəcəyini vəd edib.

“İctimaiyyət nə vaxt düşünsə ki biz vacib bir şeyi azaldırıq və ya israfçı bir şeyi azaltmırıq, sadəcə, bizə bildirin!” – deyə o, sosial şəbəkədəki paylaşımında yazıb.

Mask, həmçinin, vergi vəsaitlərinin “ən axmaq xərcləri üzrə” liderlik cədvəli tərtib edəcəyini vəd edib.

“Bu həm son dərəcə faciəvi, həm də son dərəcə maraqlı olacaq”, – deyə milyarder qeyd edib.

Xatırladaq ki, Tramp bundan əvvəl Təhsil Nazirliyini ləğv edəcəyini vəd etmişdi. Seçki kampaniyası zamanı o dəfələrlə bu qurumu federal hökumətin amerikalı ailələrin gündəlik həyatına həddindən artıq müdaxiləsinin simvolu kimi göstərib.

“Mən həmişə deyirəm ki, qayıdıb bununla məşğul olmaq üçün can atıram. Biz nəticədə federal təhsil nazirliyini ləğv edəcəyik”, – deyə o, sentyabrda Viskonsindəki mitinqdə bildirmişdi.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More