Britaniyalı yazıçı Samanta Harvi nüfuzlu “Buker” mükafatına layiq görülüb. Yazıçının cəmi 136 səhifədən ibarət olan “Orbital” romanı mövzusunun unikallığı və təqdimatı ilə diqqət çəkib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə mükafatın rəsmi saytında xəbər verilib.
Romanda Beynəlxalq Kosmik Stansiyada (BKS) olan altı kosmonavtın, o cümlədən iki rusiyalının birgünlük həyatı təsvir edilib. Maraqlıdır ki, bu, kosmosda baş verən hadisələri əks etdirən ilk “Buker” mükafatlı romandır.
Münsiflər heyəti yekdilliklə Samanta Harvinin romanına üstünlük verib. Qeyd edək ki, Harvi 2019-cu ildən bəri mükafat qazanan ilk qadın yazıçı olub.
O da bildirilib ki, “Orbital” romanı Britaniyada ən çox satılan kitaba çevrilib (hətta son üç “Buker” laureatının kitablarının cəmindən daha çox nüsxə satılıb).
Samanta Harvi əsərinə görə 50 min funt sterlinq (təxminən 108.7 min manat) mükafat alacaq.
Yeri gəlmişkən mükafata namizədlərin qısa siyahısına (“short list”) Reyçel Kuşnerin (“Creation Lake”), Yael van der Vudenin (“The Safekeep”), Ann Mayklsın (“Held”), Şarlotta Vudun (“Stone Yard Devotional”) və Persival Everettin (“James”) əsərləri daxil edilib.