ÜST narahatlığını bildirdi: Məktəbdə şagirdlərin yükü artıb

Məktəbdə şagirdlərin yükü artmağa davam edir, ailələrdə isə yeniyetmələrə dəstək azalır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) xəbərdarlıq edilib.

Bildirilib ki, 44 ölkədən 280 min məktəblini əhatə edən yeni araşdırmaya görə, şagirdlərin yalnız 67%-i ailədə güclü dəstək hiss edir – bu, 2018-ci ildə 73% olan göstərici ilə müqayisədə əhəmiyyətli azalmadır.

Eyni zamanda, məktəb yükü, xüsusilə qızlar üçün kəskin şəkildə artıb. Bütün bunlar milyonlarla məktəblinin, xüsusilə də yuxarı yaş qrupundan və aztəminatlı ailələrdən olan yeniyetmələrin psixi və fiziki sağlamlığına təsir göstərir.

“Sosial bərabərsizlik özünü onda göstərir ki, aşağıgəlirli ailələrdən olan yeniyetmələr daha varlı ailələrdən olan həmyaşıdları ilə müqayisədə ailədə kifayət qədər dəstəyin olmamasından daha çox danışırlar. Hesabatın daha bir nəticəsi ondan ibarətdir ki, qızlar oğlanlarla müqayisədə valideynlərin hər hansı biri ilə onları narahat edən mövzular barədə daha az danışa bilirlər; kommunikasiya maneələr isə analarla müqayisədə atalarla münasibətlərdə daha çox müşahidə olunur”, – deyə həkimlər qeyd edirlər.

ÜST aşkar edilmiş problemlərin həlli üçün koordinasiyalı fəaliyyətə çağırır. Tövsiyələr arasında ailəyönümlü siyasətin və iqtisadi dəstəyin gücləndirilməsi, inklüziv məktəb mühitinin yaradılması, akademik təzyiqin aradan qaldırılması və stres səviyyəsinin artmasına qarşı mübarizə var.

Ekspertlər xüsusilə xidmət səviyyəsi aşağı olan regionlarda sinifdənkənar tədbirlərə, psixi sağlamlıq resurslarına və tibbi xidmətlərə bərabər çıxışın təmin edilməsinin vacibliyini vurğulayıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More