BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və “Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Açılış mərasimində dövlət agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, “Apolitical Group Limited”in icraçı direktoru Robin Skot və İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal çıxış ediblər.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışı zamanı deyib ki, karbon emissiyalarını azaltmaq və əsas təbii ehtiyatların qorunması, ilk növbədə, ətraf mühitin davamlılığını təmin etmək üçün vacibdir.
O bildirib ki, ICESCO üzv ölkələrlə əməkdaşlıq edərək beynəlxalq razılaşmalara əməl edir və üzv ölkələrdə su təhlükəsizliyinin təmin edilməsi üçün proqramlar hazırlayır:
“Yaşıl şəhərlər proqramının həyata keçirilməsi və ictimaiyyətin ətraf mühitin təsirləri ilə bağlı məlumatlandırılması da əsas prioritetlərdən biridir”.
BMT baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana qeyd edib ki, bugünkü forum tərəfdaşlıq şəraitində yaşıl və rəqəmsal transformasiyanın ikili yollarını necə daha məhsuldar şəkildə həyata keçiriləcəyini müzakirə etmək və razılaşmaq üçün vacib platforma təklif edir.
O bildirib ki, iqlim fəaliyyətində səmərəliliyi artıran və emissiyaları azaldan rəqəmsal həllər vasitəsilə rəqəmsal texnologiyalar iqlim adaptasiyası və fəlakətlərə davamlılıq üçün praktiki vasitələr təmin edir.
BMT rəsmisinin sözlərinə görə, iqlim çağırışlarının əsas səbəblərini daha dərindən və hərtərəfli başa düşmək üçün yeni texnologiyaların verə biləcəyi töhfədən yararlanmaq lazımdır. Bunun üçün dövlət sektorunu effektiv siyasət və platformalarla dəstəkləmək vacibdir.
Qonaq çıxışının sonunda COP29-a ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.
İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal deyib ki, forum sadəcə planetə həvəsli olan maraqlı tərəflərin görüşü deyil, həm də iqlim dəyişikliyinin yaratdığı çağırışların həllinə öz töhfəmizi verməklə ətraf mühitə fərq yaratmaq imkanıdır
O qeyd edib ki, COP29 qlobal iqlim səyləri, xüsusilə də iqlim fəaliyyətinin maliyyələşdirilməsi məqsədində kritik bir məqamı təmsil edir:
“Bu, İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrində daha geniş dayanıqlı inkişaf prosesindəki rolunu izah etmək üçün əhəmiyyətli fürsət verir. Çoxtərəfli inkişaf bankları artıq ölkələrə iqlimə uyğun kənd təsərrüfatı ilə daha dayanıqlı qida ekosistemi yaratmaqda və gələcək həssaslıqları azaltmaqda mühüm rol oynayır”.
Forum interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirib. Forumda ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.
Çıxışçılar yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. “ASAN xidmət” modeli kimi innovativ modellərin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi diqqətə çatdırılıb.
Əsas müzakirələr yaşıl idarəetmədə davamlılığın və səmərəliliyin təmin edilməsi məqsədilə dövlət qulluqçularının bacarıqlarının artırılması, dövlət xidmətlərinin inkişafı proseslərinin qlobal iqlim məqsədləri ilə inteqrasiyası və bu çərçivədə innovativ yanaşmalar olub.
Açılış mərasimindən sonra forum panel müzakirələrlə davam etdirilib.