Tatarıstanlı uşaqlar COP29-da planetin qorunması layihəsini təqdim etdilər

Rusiyanın “Tatneft” neft şirkəti Azərbaycanda keçirilən COP29-da məktəblilərin ekoloji təhsili üzrə unikal layihə təqdim edib.

Bu barədə “Tatneft”in informasiya siyasəti idarəsinin rəisi Aygül Alparova Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, COP tarixində ilk dəfə olaraq Rusiya nümayəndə heyətinin tərkibində uşaqlar – Tatarıstandan olan 8-9-cu sinif şagirdləri iştirak edirlər.

Alparova kənd məktəbindən olan Məryəm və şəhər məktəbindən olan Marselin “Tatneft” tərəfindən yaradılmış məktəb biolaboratoriyalarında məşğul olduqlarını vurğulayıb.

“Biz uşaqlara bitkilərin mikroklonlaşdırılması ilə məşğul olmaq imkanı veririk ki, onlar tədqiqatlara, elmə cəlb olunsunlar, gələcəyin peşələrini öyrənsinlər”, – deyə Alparova izah edib.

Onun sözlərinə görə, ağac əkən və bitkilərə həssas yanaşan belə uşaqlar heç vaxt təbiətə ziyan vurmazlar.

“Bu, tamamilə fərqli düşüncəyə malik uşaqlardır”, – deyə “Tatneft”in nümayəndəsi vurğulayıb.

Məryəm və Marsel biolaboratoriya və istixanalardakı işləri haqqında ətraflı məlumat veriblər. Proses torpağın və qida mühitinin hazırlanmasından tutmuş bitkilərin çiliklənməsi və adaptasiyasına qədər bir çox mərhələləri əhatə edir. Bütün bunlar xüsusi boksların steril şəraitində baş verir. Uşaqlar bütün mərhələlərdə təbiətə məsuliyyətlə və qayğı ilə yanaşmağı öyrənirlər.

Layihə təkcə ekodüşüncəli nəsli dəstəkləmir, həm də uşaqlara bitkiləri istixana səviyyəsinə qədər yetişdirmək imkanı verir. Məktəblilər “in vitro” üsulu ilə bitkiləri klonlaşdırır, onları müəyyən ölçülərə qədər yetişdirir, sonra istixanalara əkirlər. Orada bitkilər torpağa əkilə biləcək ölçülərə qədər böyüdülür. Bundan sonra “Tatneft” və Tatarıstanın meşə təsərrüfatları bu bitkiləri uşaqlardan alır və kompensasiya əkinləri çərçivəsində sənaye miqyasında əkirlər.

Bu ekoloji layihə çərçivəsində 3 il ərzində artıq 30 min ting və ağac əkilib.

“Tatneft” təkcə uşaqlara ekoloji düşüncə inkişaf etdirməyə kömək etmir, həm də təbiətin qorunmasına öz töhfəsini verir.

Layihənin kuratoru Rinat Lakupov qeyd edib ki, “Tatneft”in 9 biolaboratoriyasında uşaqlar tədqiqat və layihə işləri ilə məşğul olurlar.

Bəzilərində, məsələn, cəmi 500 nəfər əhalisi olan Malbaquş kəndində laboratoriyalardan istixanalara və adaptasiya meydançalarına qədər tam dövrə var. Şirkət biologiya və ekologiya ilə maraqlanan daha çox uşağı cəlb etmək üçün müxtəlif yaşayış məntəqələrini əhatə edir.

“Biz çox şadıq ki, məhz uşaqlar planetin qorunmasına və onun gələcəyinə necə töhfə verdiklərini öz gözləri ilə görür və danışırlar “, – deyə Aygül Alparova qeyd edib.

O, Rusiya nümayəndə heyətinə və Azərbaycan tərəfinə uşaqların COP29 platformasında çıxış etməsinə icazə verdikləri üçün təşəkkür edib, çünki bu, məktəblilər üçün böyük motivasiya və qürur mənbəyidir.

Rufina Abdullayeva



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More