ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya biznesmen İlon Maskı çox bəyənir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “The Independent” mənbələrə istinadən yazıb.
Bildirilib ki, gələcək-keçmiş birinci xanım milyarderin böyük pərəstişkarıdır və onun yaxınlığında olmağı xoşlayır.
“İlon Melaniyanın xoşuna gəlir”, – deyə mənbə qeyd edib və vurğulayıb ki, Maskın respublikaçının dəstəyi üçün mitinqlərdə fəal çıxış etməyə başlamasından sonra Trampın həyat yoldaşı ictimaiyyət qarşısında daha çox görünməyə başlayıb.
Maskın Trampın gələcək administrasiyasına təsiri yüksəkdir, lakin hamı Melaniya kimi məmnun deyil. “Page Six” nəşrinin məlumatına görə, respublikaçı liderin yaxın ətrafındakı bəzi üzvlər özlərini kənarlaşdırılmış hiss edirlər və “SpaceX”in qurucusuna həsəd aparırlar.
O da vurğulanıb ki, biznesmen noyabrın 5-də Floridada seçilmiş prezidentin Mar-a-Lago iqamətgahına gedib və həmin vaxtdan oradadır. Trampın özü Vaşinqtonda Nümayəndələr Palatasında respublikaçılar qarşısında çıxışından sonra zarafatla qeyd edib ki, Mask evə qayıtmaq istəmir və o, Maskdan yaxa qurtara bilmir.