“Aralıq dənizi regionu iqlim dəyişikliyinə görə dünyanın ən həssas bölgələrindən biri kimi tanınır”.
Bu barədə Oxu.Az-a “Interreg NextMed” proqramının kommunikasiyalar üzrə meneceri Martin Haybel məlumat verib.
Onun sözlərinə görə, Aralıq dənizində temperatur planet üzrə orta göstəricidən 20% daha sürətlə yüksəlir. Bu, insanların həyatını itirməsinə səbəb olan və infrastruktura ziyan vuran istilik, quraqlıq və daşqınlar dalğaları kimi ekstremal hava hadisələrinin sürətlənməsinə gətirib çıxarır. İqlim dəyişikliyi, həmçinin kənd təsərrüfatına da təsir edir və bölgədəki milyonlarla insanın dolanışıq vasitələrini təhlükə altına qoyur.
“Şərtlər dəyişir, hava dəyişir. Deməli, həyat tərzimiz də inkişaf etməlidir və biz bu dəyişən şərtlərə uyğunlaşa bilməliyik”, – Haybel vurğulayıb.
O əlavə edib ki, dəniz səviyyəsinin yüksəlməsi xüsusilə narahatlıq doğurur, çünki Aralıq dənizi əhalisinin 42%-nin sahil zonasında yaşayır. Mütəxəssislər bizi 50 ildən sonra yarana biləcək vəziyyətə indidən hazırlaşmağa çağırırlar.
Qlobal Cənub ölkələri iqlim ambisiyalarını gücləndirir
Martin Haybel hesab edir ki, BMT-nin COP29 iqlim konfransı xüsusilə Qlobal Cənub ölkələri üçün geniş iqlim dəyişikliyi məqsədlərinə böyük təkan verəcək.
“Onlar, məsələn, Qərb ölkələrindən fərqli mövqedən başlayırlar. Amma düşünürəm ki, onlar mədən yanacaqlarından bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirmək üçün mümkün olan hər şeyi edirlər”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrin 50 il ərzində əldə etdikləri nailiyyətləri 10 ildə əldə etməyi tələb etmək olmaz. Haybel qeyd edib ki, Qlobal Cənub ölkələri iqlim dəyişikliyi ilə bağlı tədbirlər görməyə hazırdır.
Aİ iqlim neytrallığına çalışır
“Avropa İttifaqı Yaşıl Sövdələşmə strategiyasının bir hissəsi olaraq 2050-ci ilə qədər iqlimə zərərsiz olan ilk qitə olmaq kimi qarşısına iddialı bir məqsəd qoyub.
Aİ iqlim dəyişikliyi ilə mübarizədə birgə irəliləmək üçün Aralıq dənizinin o tayındakı ölkələri bu prosesə cəlb etməyi hədəfləyir. Aralıq dənizində regional əməkdaşlığı təşviq etmək üçün Aİ tərəfindən maliyyələşdirilən ən böyük təşəbbüs olan “Interreg NextMed” proqramı bu məqsədə çatmaqda mühüm rol oynayır”, – Martin Haybel yekunlaşdırıb.
Rufina Abdullayeva