“İnkişaf etməkdə olan, iqlim dəyişikliyinə çox həssas ölkə olan Efiopiya karbon ticarətindən (istixana qaz emissiyaları kvotalarının ticarəti – red.) faydalanmağa çalışır”.
Bunu Oxu.Az-a müsahibəsində Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa deyib.
“Biz demək olar ki, sıfır emissiya mənbələriyik və bu bizim iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətimiz hesab edilə bilər, buna görə də karbon ticarətində iştirak etmək istəyirik”, – deyə nazir qeyd edib.
O, ümid etdiyini bildirib ki, COP29 bütün ölkələrə karbon ticarətindən faydalanmaq üçün daha yaxşı mühitin yaradılmasına imkan verəcək.
Fitsum Assefa, həmçinin iqlimin maliyyələşdirilməsinin daha aydın tərifinə ehtiyac olduğunu vurğulayıb, çünki inkişaf etmiş ölkələr inkişaf sahəsində bütün əməkdaşlıqları bu çərçivəyə daxil etməyə çalışırlar.
Nazirin sözlərinə görə, Efiopiya quraqlıq, daşqın və sürüşmə kimi müxtəlif iqlim problemləri ilə üzləşir. Son beş yağış mövsümü ərzində ölkə cənub və şərq hissələrində quraqlıqla üzləşib ki, bu da milyonlarla mal-qaranın tələf olmasına gətirib çıxarıb. Efiopiyanın qida təhlükəsizliyi də iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri səbəbindən risk altındadır.
Efiopiya hökuməti iqlim fəaliyyətinə fəal şəkildə sərmayə qoyur. Əsas təşəbbüslərdən biri genişmiqyaslı meşəsalma proqramıdır – altı il ərzində ölkədə 40 milyard ağac tingi əkilib, 2026-cı ilə qədər isə bu rəqəmin 50 milyarda çatdırılması planlaşdırılır.
“Bundan əlavə, Efiopiya istiliyədavamlı buğda sortlarının istehsalını inkişaf etdirir ki, bu da ölkəyə təkcə daxili tələbatı ödəməyə deyil, həm də bu məhsulların ixracına başlamağa imkan verib”, – deyə o əlavə edib.
“Enerji sektorunda Efiopiyanın elektrik enerjisinin 100%-i bərpa olunan mənbələrdən – hidroenergetikadan əldə edilir. Ölkə, həmçinin elektrikli avtomobillər sayəsində davamlı istehsal və istehlakı təmin etmək niyyətindədir. Biz açıq havada yanacaq yandırırıq və yalnız elektrikli avtomobillərdən istifadə edirik. Bu, iqlim dəyişikliyi ilə mübarizə üzrə daha bir addımdır”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, bu yaxınlarda Efiopiya rəhbəri Azərbaycan Prezidenti ilə görüşüb və müzakirə olunan əməkdaşlıq sahələrindən biri də iqlim təşəbbüsləri olub.
“Dünyanın çox vaxt bu problemi görməməzlikdən gəlməsinə baxmayaraq, Efiopiya iqlim dəyişikliyi ilə mübarizəyə öz resurslarını yatırmağa davam edir”, – deyə nazir fikrini yekunlaşdırıb.
Rufina Abdullayeva