Çinli ekspert COP29-un Azərbaycanda təşkilini yüksək qiymətləndirib

“COP29 bütün aspektlərdə yaxşı təşkil olunub. Könüllülər hər yerdə kömək etməyə hazırdırlar. Bu, çox faydalıdır. İkincisi, tədbirdə iştirak edən bütün insanlar öz işlərinə çox sadiqdirlər”.

Bu barədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) barədə öz təəssüratlarını Oxu.Az-la bölüşən Çinin “Operation Earth” (Yer Əməliyyatı) qeyri-kommersiya təşkilatının direktoru və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının üzvü Liançjun Çen bəyan edib.

Onun sözlərinə görə, bu, Azərbaycan hökumətinin və xalqının COP29-un uğuruna böyük diqqət yetirdiyini və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə əhəmiyyətli səy göstərdiyini nümayiş etdirir.

Çen ümid etdiyini bildirib ki, COP29 maliyyə sazişi üçün yaxşı nəticələr verəcək və inkişaf etmiş ölkələrin Monreal və Paris iqlim sazişlərində göstərilən öhdəliklərini yerinə yetirmək əzmini gücləndirəcək.

“Bu o deməkdir ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Sakit okean ada dövlətləri kimi kiçik həssas ölkələrdə iqlim layihələrini dəstəkləmək üçün hər il 100 milyard dollar ayırmalıdırlar”, – deyə o əlavə edib.

Çindəki vəziyyətdən danışan ekspert qeyd edib ki, ölkə görünməmiş yüksək temperatur, güclü sunami və daşqınlarla üzləşib ki, bu da insanların həyatına və əmlakına ciddi itkilər gətirib.

“Çin hökuməti iqlim dəyişikliyi tədbirlərində fəal iştirak edir və 2060-cı ilədək karbon neytrallığına nail olmaq hədəfini müəyyən edib. Sənayenin hər bir sektoru, məktəblər, universitetlər bu hədəfə çatmaq üçün çalışır”, – deyə o bildirib.

Çen vurğulayıb ki, Çinin yeni enerji sənayesi çox sürətlə inkişaf edir. Ölkə son 9 il ərzində yeni enerji nəqliyyat vasitələrinin istehsalı və satışı üzrə dünya lideridir, həmçinin günəş və külək enerjisi generasiyası gücünə görə dünyada birinci yeri tutur.

“Əgər Azərbaycan sahibkarları, sənayeçiləri və ya texniki mübadilə və texnologiya transferində maraqlı olan hər hansı şəxslərlə görüşmək şansım olarsa, biz Azərbaycan və Çin arasında yeni əməkdaşlıqlar qura bilərik”, – deyə o əlavə edib.

Rufina Abdullayeva

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More