Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının – nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin əsaslarının – təsdiq edilməsi haqqında fərman imzalayıb.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
“Doktrinanın əsas prinsipi: nüvə silahı – ölkənin suverenliyinin qorunması üçün son tədbirdir. Eyni zamanda, yeni hərbi təhdidlərin və risklərin yaranması ilə əlaqədar Rusiya nüvə silahından istifadəyə icazə verən parametrləri dəqiqləşdirməli oldu.
Xüsusilə, nüvə çəkindirməsinin şamil edildiyi dövlətlərin və hərbi ittifaqların kateqoriyası genişləndirilib. Hərbi təhdidlərin siyahısı artırılıb, bunların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər tələb edilir. Hər hansı qeyri-nüvə dövlətinin təcavüzü, lakin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə təcavüzü, onlar tərəfindən Rusiya Federasiyasına birgə hücum hesab ediləcək. Bundan əlavə, suverenliyinə hətta adi silahla belə kritik təhlükə yaranarsa, İttifaq dövlətinin üzvü kimi Belarusa hücum edilərsə, hərbi təyyarələr, qanadlı raketlər, pilotsuz uçan təyyarələr və uçuş aparatları kütləvi şəkildə işə salınarsa və onların Rusiya sərhədindən keçməsi qeydə alınarsa, Rusiyanın nüvə reaksiyası mümkündür”, – deyə doktrina ilə bağlı məlumatda bildirilib.
Rusiyanın nüvə doktrinası bundan öncə 2020-ci ilin iyununda təsdiqlənib. O, 10 il əvvəl qəbul edilmiş oxşar sənədi əvəz edib.