Qərbin Cənubi Qafqaz döyüşündəki məğlubiyyəti: Hədəf yekun sülhün qarşısını almaqdır

Rüstəm Qaraxanlı yazır…

Kollektiv Qərb Azərbaycanla Ermənistan arasında yekun sülhün imzalanmasını əngəlləyən sədlər çəkməkdə davam edir. Üzdə sülhdən yana olduğunu göstərən ABŞ və Fransanın basqısı altındakı Avropa institutları əslində, tərəflər arasındakı münasibətlərin nizamlanmaması üçün bütün imkanlardan yararlanmağa çalışırlar. BRICS-in Kazan sammiti çərçivəsində gedən danışıqların nəticəsi olaraq Ermənistanın sanki ən azı XİN rəhbəri səviyyəsində COP29-da iştirak edəcəyi görüntüsü yaransa da, cəmi bir neçə gün sonra rəsmi İrəvanın susqun imtinası Qərbin təzyiqlərinin mübahisə doğurmayan nəticəsidir.

Qlobal iqlim konfransında iştirakdan imtinanın səbəbi təbii ki, ictimai rəy üçün tapmaca olaraq qalacaq. Ancaq Ermənistan mediasında işıq üzü görən ehtimallara inansaq, bəhanə Bakıda cəzalarını çəkən erməni canilərinin “azadlığa buraxılmaması”dır. Bu ehtimalda müəyyən məntiq də var, çünki COP29 ərəfəsində həm Ermənistanda, həm də erməni diasporunun sponsorluğu ilə bir sıra ölkələrdə keçirilən gözdənsalma aksiyalarının, xarici mediada çıxan qərəzli yazıların əsas mövzularından biri “erməni əsirləri” idi. Güman ki, məhz bu məsələ də İrəvanın Bakıdakı qlobal tədbirə qatılmamasında rol oynamış başlıca bəhanədir. Səbəb deyil, məhz bəhanədir. Çünki keçmiş separatçı xuntanın liderləri böyük ölçüdə heç Paşinyanın özünə də lazım deyillər. Sadəcə olaraq bu mövzu İrəvana Qərbdən gələn basqıları təmin etmək və paralel olaraq Bakıya gəlməkdən yaxa qurtarmaq üçün göydəndüşmə bəhanə oldu.

Hətta COP29-un gedişində belə baş verən bir sıra olaylar Qərbin rəsmi Bakı ilə İrəvanla münasibətlər kontekstində “erməni əsirləri” və ermənilərin Qarabağa “qayıdışı”ndan başqa müzakirə edəcək mövzularının qalmadığını göstərir. ABŞ-nin vida marafonunda olan demokratlar administrasiyası və Brüssel özlərini mövzu kasadlığına salıblar.

İki gün öncə Avropa Şurası Azərbaycana qarşı qərəz kampaniyasını digər trekdə – etnik ermənilərin Qarabağa qayıtması mövzusunda davam etdirməyə çalışdı. Qurumun Çərçivə konvensiyası üzrə Məşvərətçi Komitəsinin yaydığı hesabatda Bakı ermənilərin Azərbaycan ərazisinə qayıdışına maneə yaratmaqda və “erməni din və mədəniyyət obyektlərinə müdaxilə”də günahlandırılır. Hesabatı sanki İrəvanda tərtib ediblərmiş kimi təəssürat yaradan müəlliflər Azərbaycanı “erməni milliyyətindən olan şəxslərə qarşı istənilən dözümsüzlük təzahürlərindən imtina etməyə” çağırır, etnik ermənilərin könüllü şəkildə tərk etdikləri Qarabağa qayıdışının təmin edilməsini tələb edirlər. Hesabatda həmişəki kimi, Azərbaycanın rəsmi administrativ ərazi bölgüsünü qulaqardına vuraraq yenə də “Dağlıq Qarabağ” ifadəsindən istifadə də öz yerində.

AŞ-nin hesabatı ilə eyni vaxtda sözügedən mövzuda İrəvanda Fransanın bu ölkədəki ermənidən çox erməni olan səfiri Olivye Dekotinyi və Bakıda COP29-da iştirak edən ermənipərəst senatorlar Ed Marki və Şeldon Uaythaus da çıxış etdilər. Əgər fransız səfir tvitində Beynəlxalq Məhkəmənin 17 noyabr 2023-cü il tarixli qərarına “istinad” edirsə, amerikalı qanunvericilər yanaşmalarına çox sadə arqumentlə izah verirlər: biz Ermənistanın dostuyuq… Məsələn, Uaythaus deyir:

“Mən və senator Marki Ermənistanı dəstəkləyirik. Biz ermənilərin yerdəyişməsindən təəssüf hissi keçiririk. Yumşaq desək, mən burada ermənilərin günahının olması fikrindən uzağam”.

Bu isə onun həmkarı digər senator Markinin sözləri:

“Biz hesab edirik ki, siyasi məhbuslar azad olunmalıdırlar və ermənilərin Dağlıq Qarabağa qayıtmaq üçün hüquqları olmalıdır”.

Azərbaycan xalqına qarşı olmazın vəhşiliklərini törətmiş xunta liderlərini “siyasi məhbus” hesab edən amerikalı senatorlar ermənilərin “Dağlıq Qarabağ”a necə, hansı mexanizm əsasında dönmələrinin mümkünlüyü, niyə getdikləri və nədən qayıtmadıqları barədə heç nə demək istəmirlər. Necə ki, AŞ hesabatında vaxtilə bütün azərbaycanlı əhalinin Qarabağdan qovulduğunun, 30 ilə yaxın müddətdə yüzlərlə yaşayış məntəqələrimizin yer üzündən silindiyinin, onlarla dini məbədlərimizin dağıdıldığının, yüzlərlə mədəniyyət obyektlərinin qeyb olduğunun üzərinə gəlmir. Ermənilərin Azərbaycan torpaqlarına qayıda bilmələrinin bir yolu var – vətəndaşlıq. Bu seçimə isə heç bir maneə yoxdur: bunu hətta Ermənistanda oturub onlayn formatda etmək də olar.

Qərbdə yaxşı anlayırlar ki, “tələblər”i adekvat deyil və reallaşması da mümkün görünmür. Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslərin azadlığı barədə düşünmək xülyadır. Necə ki, eynilə ABŞ-də də, Fransada da belə olardı. Ermənilərin geri qayıtması isə ona görə müşküldür ki, onların hər biri ötən 30 ilin kabusu ilə üz-üzə qalmaqdan qorxurlar. Çıxıb getmələrinin də səbəbi budur. Bu iki amil çox güman ki, Azərbaycanla siyasi dialoqun mövzusu, Ermənistana qarşı isə təzyiq vasitəsi kimi istifadə edilməkdə davam edəcək. Hədəf yekun sülhün qarşısını almaqdır. Bundan kimin qazanclı çıxacağını zaman göstərəcək. Qərb Cənubi Qafqaz döyüşündə son iki rinqi məğlub başa vurub: əvvəl Gürcüstandakı parlament seçkilərini uduzub, sonra isə COP29-da məyus olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More