Qeyri-yaşayış sahəsini başqa şəxsə yenidən satan MTK rəhbərinə HÖKM OXUNDU

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Vasif Sarxanovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Yasamal Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cəza təyini və cəzanın hesablanması hissəsində dəyişdirilib. Belə ki, ona 2 il 6 ay müddətinə kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, “Qələbə-İnşaat” MTK-nın sədri Vasif Sarxanovun qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla Vasif Sarxanovun MTK-nın direktoru vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədilə paytaxtın Yasamal rayonu, H.Zərdabi prospekti, 71A ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, kirayə verilməsi ona həvalə edilən və özgənin mülkiyyətində olan qeyri-yaşayış sahəsini saxta sənədlər əsasında digər şəxsə yenidən satmasına əsaslı şübhələr müəyyən edilib.

Vasif Sarxanova Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, MTK rəhbəri daha əvvəl məhkumluq həyatı yaşayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More