İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan “Qanunsuz mərc reklamı və təşviq” istintaqında tanınmış aparıcı Mehmet Ali Erbil və məşhur ifaçı Serdar Ortaç barəsində ittihamnamə hazırlanıb.
Oxu.Az-ın “Haber Global”a istinadla verdiyi məlumata görə, ittihamnamədə hər iki şübhəli barəsində ən yüksək həddə – 3 ilə qədər həbs cəzası istənilib.
Sənəddə bildirilib ki, onların hər ikisi sosial media platformalarında qanunsuz mərc məzmunlarının reklamını edərək cinayət törədiblər.
Xatırladaq ki, ötən həftə Türkiyədə “qanunsuz mərc oyunlarına təşviq” iddiası ilə bağlı aralarında Serdar Ortaç, Mehmet Ali Erbil, keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçkar, Sefa Caner Sarıçam olmaqla ümumilikdə 23 nəfər barəsində istintaq başlanılıb. Serdar Ortaç və Mehmet Ali Erbil ev həbsinə məhkum olunublar.