Qəhvə dünyanın ən populyar içkilərindən biridir və milyonlarla insan hər gün bu içkini böyük həvəslə istehlak edir. Lakin son zamanlar Ümumdünya Səhiyyə Təşkilatı kofein asılılığını kliniki xəstəlik kimi tanıyıb və bu barədə ciddi xəbərdarlıqlar edib. ABŞ Səhiyyə Departamenti isə 400 milliqramdan (mq) çox qəhvə içməməyi tövsiyə edib.
Qəhvənin insan orqanizmi üçün faydası və zərərləri nədən ibarətdir?
Bu barədə Oxu.az-a danışan qastroenteroloq Türkan Alyarova bildirib ki, qəhvənin insan orqanizmi üçün faydası ilə yanaşı bir çox zərərləri də olduğu üçün ondan ölçülü şəkildə istifadə etmək vacibdir.
“Qəhvənin əsas faydalarından biri enerji və diqqətin artırılmasıdır. Belə ki, qəhvənin tərkibindəki kofein sinir sistemini stimullaşdırdığı üçün yuxunu aradan qaldırır, enerjini və diqqəti artırır. Məhz bu səbəbdən də biz yorğun olduğumuzda ilk növbədə qəhvədən istifadə edirik.
Bundan əlavə, qəhvə içərkən əhvalımızın yüksəlməsinin səbəbi orqanizmdə “xoşbəxtlik hormonu” dediyimiz serotaninin artmasıdır. Qəhvə həm də metabolizmimizi sürətləndirdiyi üçün yağ yandırılmasını və arıqlama prosesini də dəstəkləmiş olur. Eyni zamanda, qəhvə altsheymer və parkinson xəstəliklərinə qarşı da qoruyucu ola bilər. Çünki kofein beyinin yaşlanmasına təsir etdiyi üçün bu cür xəstəliklər üçün müəyyən qoruyucu vasitə rolunda ola bilir”, – deyə T.Alyarova bildirib.
Həkim vurğulayıb ki, müntəzəm yüksək dozada və uzun müddətli qəhvə istifadəsi yan təsirsiz ötüşmür.
“Sinir sistemini stimullaşdıran kofeinin zərərli tərəflərinə gəldikdə, bilmək vacibdir ki, ilk növbədə yuxusuzluq və ya yuxu pozğunluqları yarada bilir. Yüksək miqdarda kofein istifadəsi ürək döyüntüsünün artmasına, bəzən də ürək ritminin pozulmasına da gətirib çıxarır.
Bundan başqa, kofein mədədəki turşuluğu artırdığı üçün mədəmizdə erroziya, yara, xora kimi problemlər varsa, ağrıların artmasına və qıcıqlanmaların əmələ gəlməsinə səbəb ola bilir. Kofein, həmçinin qan təzyiqini müvəqqəti olaraq artırır ki, bu da yüksək təzyiqdən əziyyət çəkənlər üçün riskli ola bilər. Sümüklərə də mənfi təsir göstərərək kalsium itirilməsinə və sümüklərin zəifləməsinə yol aça bilər.
Kofein sinir sistemini stimullaşdırdığı üçün yuxuya getməni çətinləşdirə, yuxu keyfiyyətini azalda bilər. Bu səbəbdən qəhvədən günün birinci yarısında, saat iki, maksimum üçə qədər istifadə etmək tövsiyə olunur. Ondan sonra məsləhət görülmür.
Digər bir zərərli təsir kofeinin asılılıq yaradan bir maddə olmasıdır. Bu səbəbdən qəhvədən müntəzəm istifadə edən insanlar birdən-birə ondan imtina etdikdə baş ağrısı, yorğunluq və əhvali-ruhiyyələrində müəyyən dəyişikliklər hiss edə bilirlər.
Zərərli təsirlərindən biri də əsəbilik və narahatlıq yaratmasıdır. Çox kofein qəbul etmək sinir sisteminin həddindən artıq stimullaşdırdığı üçün əsəbilik, gərginlik və narahatlıq kimi əlamətlərə səbəb ola bilər.
Yüksək miqdarda kofein istifadəsi ürək döyüntüsünün artmasına, bəzən ürək ritminin pozulmasına da gətirib çıxardır.
Nə qədər qəhvə içmək lazımdır?
“Ümumi olaraq, sağlam gənclər üçün gündə təxminən 200-400 mq kofe, yəni 3-4 fincan qəhvə təhlükəsiz sayılır. Hamilə qadınlara isə maksimum 200 mq, uşaqlar və yeniyetmələrə 100 mq-dan az tövsiyə olunur.
Bəzi insanlar da var ki, orqanizmləri kofeinə həssasdır. Bu insanlar qəhvədən çox tez təsirlənirlər və lap az miqdarda içsələr belə, onlarda ürək döyüntüsünün artması, ürəyin çırpınması kimi şikayətlər müşahidə olunur. Bu cür insanların isə, ümumiyyətlə, qəhvə içməmələri məsləhətdir. Nəticə etibarilə, qəhvənin müəyyən faydaları olsa da, ifrat istifadəsi ciddi fəsadlara yol aça bilər. Bu baxımdan qəhvəni ölçülü şəkildə və günün birinci yarısında içmək daha məqsədəuyğundur”, – deyə həkim vurğulayıb.
Əzizə İsmayılova