Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: “İki inək verirlər, üç gün sonra ölür”

“Özünüməşğulluq proqramı ilə kəndliyə iki inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, şəhid ailələri və veteranlara güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin fərmanı, icra hakimiyyətlərinin sərəncamları var:

“Nazirlik onların hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, şəhid ailələri və müharibə veteranları öz hüquqları barədə məlumatı oradan öyrənə bilərlər. Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək, ona bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır.

Eyni zamanda, müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlillik təyinatı almaq üçün müraciət edirlər. Ola bilər, hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. Beş dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz”.

Nazir Sahil Babayev isə cavabında qeyd edib ki, elektron şəkildə hər bir şəhid ailəsinə olan imtiyazlar var:

“Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik-sağlamlıq arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More