Azərbaycanda vətəndaşların fərdi məlumatlarını “Telegram”da satanların məhkəməsi başladı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Oxu.Az xəbər verir ki, toplanmış materiallar ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.

22 noyabr 2024-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iş üzrə hazırlıq iclası keçirilib.

Məlum olub ki, Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Cavid İlqar oğlu Dünyamalıyev və Cəlil Hüseyn oğlu Cəlilov Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüb.

Daha sonra isə “Telegram” və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.

Cinayətkarlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqları fərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları bloklanıb.

Növbəti məhkəmə prosesi dekabrın 13-də keçiriləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More