Ukrayna “PEACE in Ukraine” (“Ukraynada Sülh”) investisiya layihəsi vasitəsilə Dünya Bankından təxminən 5 milyard dollar alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.
“Ukrayna “PEACE” layihəsi çərçivəsində Ukrayna Dünya Bankından 4,8 milyard dollar alıb. Bu, bankın tarixində ən böyük investisiya layihəsidir ki, islahatların həyata keçirilməsi, sosial və təhsil sahələri, səhiyyə, kənd təsərrüfatı məhsulları istehsalçıları, eləcə də bərpa layihələrində dövlətimizə dəstək məqsədilə həyata keçirilir”, – deyə Şmıqal qeyd edib.
Onun sözlərinə görə, 2022-ci ilin fevral ayından etibarən Dünya Bankının mexanizmləri vasitəsilə artıq 50 milyard dollara yaxın vəsait cəlb edilib.
Ukrayna Maliyyə Nazirliyinin “Telegram” kanalında qeyd etdiyi kimi, bu yardımın alınması ABŞ-nin 1,6 milyard dollar məbləğində qrantı və inkişaf üzrə digər tərəfdaşların vəsaitləri sayəsində mümkün olub. 4,8 milyard dollar kredit əsas sosial və humanitar xərclərin ödənilməsinə yönəldiləcək.