Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki DƏYİŞDİ

Bu gündən “Həzi Aslanov” stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin “yaşıl” və “qırmızı” xətlərində qatarların hərəkət qrafikinə dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumata görə, təmir müddətində qatarlar “qırmızı” xətt üzrə (“İçərişəhər” stansiyasından) və “yaşıl” xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edəcəklər.

İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq.

Günün pik saatlarında (07:00-10:00 və 17:30-19:30) “28 May” – “Əhmədli” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2.5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.

“Bakmil” istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də bu gündən dəyişdirilib.

“Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Bu stansiyadan qatarların hərəkəti yalnız “Əhmədli” stansiyasına və geri olmaqla təşkil olunacaq. “Əhmədli” və “Həzi Aslanov” stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.

Yaşıl xəttin “Xətai” – “Cəfər Cabbarlı” mənzili və “bənövşəyi” xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.

Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC sərnişinlərə müraciət edib:

“Bakı metropoliteninin digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatardan enərək digər yoldan “İçərişəhər” və “Dərnəgül” qatarları ilə hərəkət etməlidirlər.

“İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətindən “Həzi Aslanov” stansiyasına getmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər. Qatarların yeni hərəkət qrafiki, iki stansiya arasında intervalı nəzərə alaraq, “Həzi Aslanov” stansiyasından istifadə edən sərnişinlərimizdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almalarını xahiş edirik.

Sərnişinlərdən “Əhmədli” stansiyasında da diqqətli olmağı xahiş edirik. Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir. Həmçinin stansiyada veriləcək elanlara, növbətçinin məlumatlarına diqqət yetirmək, hərəkət ediləcək istiqamət üzrə yanlışlığa yol verməmək üçün qulaqlıqlardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur”.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More