Yeni ili məşhur müğənnilərlə Qarabağda qeyd etmək neçəyə başa gələcək?

Yeni ilə sayılı günlər qalıb. Bayramla əlaqədar bir neçə gün qeyri-iş günü olacaq. Bu baxımdan bayramı qeyd etmək üçün fürsətdən istifadə edənlər də az olmayacaq. Adətən bayram ərəfəsində Azərbaycan vətəndaşları Yeni ili harada və hansı qiymətə qarşılamaq barədə düşünürlər. Yeni ili qarşılamaq üçün bölgələrə üz tutanlar az deyil. Bundan başqa işğaldan azad edilmiş torpaqlarda da Yeni ili qarşılamaq istəyənlər var.

Bəs görəsən, Qarabağda yeni ili qarşılamaq insanlara neçəyə başa gələcək?

Moderator.az bu mövzunu araşdırıb. Məlum olub ki, Qarabağdakı hotellərin bir çoxunda bayram tədbirləri nəzərdə tutulub.

Şuşada fəaliyyət göstərən “Xarıbülbül” hotelində Yeni il bayramı günü proqram təşkil olunacaq:

“Bizdə otaqlar standart olaraq iki nəfər üçün nəzərdə tutulub, amma belə otaq bir nəfər də qala bilər. Bir nəfər üçün səhər yeməyi daxil olmaqla belə otaqda gecələmək 200 manatdır. İki nəfər üçün isə artıq 240 manat təşkil edir. Söhbət bir gündən gedir. Hoteldə hələlik başqa xidmətlər yoxdur. Gündə 3 dəfə qidalanmaq üçün restoran var. Günorta və axşam yeməyi əlavə xərcdir. Yeni ildə də qiymətlər stabil olacaq. Hələ bir dəyişiklik yoxdur. Yeni il şənliyi təşkil olunacaq. Bu proqramdan asılı olaraq qiymətlərdə cüzi dəyişikliklərin olacağı istisna edilmir”, – deyə hoteldən bildirilib.

Şuşada fəaliyyət göstərən eyniadlı hoteldə yeni ili qeyd etmək istəyən iki nəfər iki gecə və üç gün üçün 1900 manatından keçməlidir:

“İki gün fərqli konsertlər olacaq. Xalq artisti Mənsum İbrahimov, müğənnilər Ayaz Qasımov, Nigar Paşayeva, Turan Səfərli, Kəmalə Əliyeva səhnədə çıxış edəcəklər. Tədbirdə DJ Gugu, aparıcısı isə Kamran Yaradanquliyevdir. Yeni il tədbirini “Canaz” və “Baku events” qrupları təşkil edib. Portal məsələsini də hotelin əməkdaşları həll edəcəklər”, – deyə məlumatda bildirilib.

Xalq artisti Mənsum İbrahimov da bayram gecəsini “Şuşa” hotelində qarşılayacaq:

“Biz 30 il idi ki, bu günləri gözləyirdik. Şükür bu günümüzə ki, artıq biz Qarabağda böyük tədbirlər edirik. İnşallah bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını mədəniyyət paytaxtımız Şuşada qeyd edəcəyik. Mən öz “Qarabağ” muğam qrupumla ifalar edəcəyəm. Bütün arzu edənlər dəvətlidirlər”, – deyə o bildirib.

Xankəndində fəaliyyət göstərən “Palace” hotelində qiymətlər 190 manatdan başlayır.

“Palace” hotelində bizim otaqlarımızın qiyməti 190 manatdır. Bu iki nəfər üçün nəzərdə tutulub. Yeni ildə canlı musiqi olacaq. Xankəndidə qaz olmadığı üçün hovuzlar işləmir. Qaz olandan sonra hovuz xidməti də bu qiymətə daxil olacaq”, – deyə hoteldən bildirilib.

Xankəndidə yerləşən digər bir hotel – “Qarabağ”da isə qiymətlər daha yüksəkdir:

“Qarabağ” hotelində otaqlar genişdir. Buna görə də qiymətlər iki nəfər üçün 240 manatdan başlayır. Səhər yeməyi və fitnes zalı xidmətə daxildir. Üç dəfə qidalanmaq üçün restoranlar var. Bu, qiymətə daxil deyil, amma əlavə sifariş kimi nəzərdə tutulub”.

Turizm eksperti Rəhman Quliyev bildirib ki, digər regionlara nisbətən Qarabağdakı hotellərdə qiymətlər daha bahadır:

“Hər il olduğu kimi ənənəvi olaraq paytaxtda və regionlarımızda fəaliyyət göstərən hotellər yeni il şənlikləri, şou-proqramlar keçirirlər. Hazır tur-paketlər təklif olunur. Bu tur-paketlərə 3 gün və 2 gecə qonaqlama, səhər yeməyi və eyni zamanda, hoteldə yeni il şou-proqramı ilə şam yeməyi daxildir.

Bir neçə ildir artıq Şuşada fəaliyyət göstərən hotellərdə də bayram tədbirləri təşkil olunur. Regionlarımızın digər bölgələrinə baxanda Şuşada qiymətlər bir qədər yüksəkdir. Bu da personalın orada qalması, relyefin çətinliyi, yol uzaqlığına görədir. Ona görə də qiymətlərdə artım müşahidə olunur. Şou-proqramda iştirak edəcək sənətçilərin uzun yol qət edib Şuşaya getməsi, orada qalması da xərc tələb edir. Bu da həmin tur-paketdə qiymətlərin artmasına səbəb olur.

Digər günlərə nisbətən bayram günlərində Azərbaycanın hər bölgəsində hotellərdə sıxlıq müşahidə olunur. Hansı hoteldə şou-proqram keçirilir, o hotellərə daha çox üstünlük verilir. Ümumi olaraq bu da tələbatdan irəli gəlir. Hotellərdə satış siyasətinə uyğun olaraq ilk növbədə standart, ekonom otaqlar satılır. Azərbaycana gələn turistlər də daha çox dağlıq ərazilərə gedirlər. Yaxın gələcəkdə Şuşada fəaliyyət göstərən hotellərin iş qrafiki digər rayonlarda – Laçında, Zəngilanda, Kəlbəcərdə, Qubadlıda və digər işğaldan azad olunmuş ərazilərdə də təşkil olunacaq. İnfrastruktur bərpa olunduqca, insanlar öz dədə-baba yurdlarına köçdükcə, orada bu kimi komplekslərin, yeni iş yerlərinin yaradılması o zərurəti yaradacaq ki, oralara həm də turist axını olsun. Eyni zamanda, belə şənliklərin keçirilməsi reallaşsın. Belə yerlərin daha çox açılması sağlam rəqabətə gətirib çıxaracaq”.

İqtisadçı ekspert Xalid Kərimli Qarabağdakı hotellərin qiymətlərinin yüksək olmasının səbəbini bu cür izah edib:

“Qarabağda qiymətlərin yüksək olmasının səbəbi məhdudiyyətlərlə əlaqədardır. Şuşada, Xankəndidə işin bir romantika tərəfi var. Keçmişdən qalan bir nostalji hisslər var. Şuşada və Xankəndidə tədbiri təşkil etməyin xərci Bakıda tədbiri təşkil etməyin xərcindən çoxdur. Əyləncənin təşkili Şuşada və Xankəndidə daha bahadır, nəinki paytaxtda”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More