“Qüvvədə olan qanuna əsasən, təsdiqedici sənəd yalnız operator tərəfindən reyestrdə qeydə alınmış utilizatorlar tərəfindən verilə bilər”.
Oxu.Az xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov nəqliyyat vasitələrinin utilizasiyasının həyata keçirildiyi məkana təşkil olunan mediaturda deyib.
O bildirib ki, 10-dan çox ərizəçiyə təsdiqedici sənədlər üzrə birdəfəlik ödənişlər həyata keçirilib, hazırda bir utilizator – “Fors” MMC reyestrdə qeydiyyata alınmış 40-a yaxın yararsız nəqliyyat vasitəsini utilizasiyaya qəbul edib:
“Həmin nəqliyyat vasitələrinin üçdəikisinin yaşı 31 ildən yuxarıdır. Qəbul edilən nəqliyyat vasitələri texniki və ekoloji təhlükəsizlik qaydaları çərçivəsində hissələrə ayrılır, çeşidlənir və təkrar emal üçün yararlı hissələr müxtəlif müəssisələrə göndərilir. Bu da öz növbəsində ətraf mühitin mühafizəsinə töhfə verir və iqtisadi dəyər yaratmağa xidmət edir”.
M.Laçınov, həmçinin, utilizasiya proqramının tətbiqindən gözlənilən nəticələri vurğulayıb:
“Bu proqramın tətbiqi ilə yararsız nəqliyyat vasitələrinin ekoloji tələblərə uyğun şəkildə utilizasiyası gerçəkləşəcək. Həmçinin, ekoloji vəziyyətin yaxşılaşması, mövcud nəqliyyat parkının yenilənməsi, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artması, müvafiq sahədəki kölgə iqtisadiyyatının aradan qalxması, yeni iş yerlərinin yaranması və sahibkarlar üçün yararlı xammal imkanlarının yaranması da gözləntilər sırasındadır”.
Murad Həsənov