“Qarabağ Universitetində dünyanın ən yaxşı klinik modeli tətbiq oluna bilər”.
Oxu.Az xəbər verir ki, bunu Qarabağ Universiteti tibb proqramlarının direktoru Samir Babayev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O, əvvəllər ABŞ-nin Minnesota ştatındakı dünyaca məşhur Mayo Klinikasında çalışdığını xatırladaraq nümunələr göstərib:
“Həmin tibb müəssisəsi modelinin bəzi prinsiplərinin Qarabağ Universitetində tətbiqi tədris və tibbi xidmət sahəsində ciddi irəliləyişlərə səbəb ola bilər. Bu model qeyri-kommersiya prinsipi ilə işləyir və bütün gəlirlər işçilərin rifahı və infrastrukturun inkişafına yönəldilir. Əsas məqsəd işçilərin məmnuniyyətini artırmaqla göstərilən tibbi xidmətin keyfiyyətini maksimuma çatdırmaqdır”.
“Mayo Klinikası işçilərinə yüksək maaş və sabit əməkhaqqı təmin etməklə fərqlənir. Burada işçilər yalnız maaş alırlar, əlavə bonus və imtiyazlar yoxdur. Lakin əməkhaqqı digər tibb mərkəzlərinə nisbətən daha yüksəkdir ki, bu da peşəkarların uzunmüddətli əmək fəaliyyətini təmin edir”, – S.Babayev əlavə edib.
Universitet rəsmisi vurğulayıb ki, eyni vəzifədə çalışan işçilərin bərabər maaş alması komandadaxili iş birliyini və kollektiv ruhunu gücləndirir:
“Pasiyentlər isə konkret həkimi seçməyə ehtiyac duymadan klinikanın adını eşidərək yüksəksəviyyəli tibbi xidmət alacaqlarına əmin olurlar. Həmin prinsiplərin Qarabağ Universitetində tətbiqi yerli təhsil və səhiyyə sektorunda ciddi yeniliklərə və rəqabət qabiliyyətinin artmasına səbəb ola bilər. Bu addım universiteti beynəlxalq səviyyədə tanınan bir quruma çevirmək üçün böyük potensial yaradar”.
Məhərrəm Əliyev