Yaponiyanın “Honda Motor” və “Nissan Motor” şirkətləri birləşmək üçün ilkin danışıqlar aparır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Finacial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat verib.
Məlumata görə, buna səbəb Çin avtomobil istehsalçıları ilə artan rəqabət və elektromobillərə gözləniləndən daha aşağı istehlak tələbidir.
Onların sözlərinə görə, iki şirkət onlara daha yaxşı rəqabət aparmağa kömək edəcək birləşmə metodunu araşdırırlar. Birləşmə halında dünya avtomobil sənayesində 52 milyard dollarlıq aktivlərə malik olan nəhəng şirkət meydana çıxacaq. Şirkət “Toyota” və “Volkswagen”dən sonra dünyada üçüncü ən böyük avtomobil istehsalçısı olacaq, “Tesla” və Çinin BYD kampaniyası ilə rəqabət aparmaq üçün investisiya cəlb etməyə imkan verəcək.
Çinin bu aparıcı avtomobil istehsalçısı 2024-cü ilin ikinci rübündə qlobal satış həcminə görə “Honda Motor” və “Nissan Motor”u qabaqlayıb və dünyada yeddinci yerə çıxıb. Ötən ilin eyni dövrü ilə müqayisədə öz satış həcmini 40% artırıb.
Qeyd edilir ki, birləşmə “Nissan”ın təxminən 27% paya sahib olduğu “Mitsubishi Motors”a da təsir edəcək və o da öz növbəsində genişlənmiş şirkətin bir hissəsi olmaq imkanı qazanacaq. Üç brend isə hər il təxminən 8 milyon avtomobil istehsal edə bilər.