ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bu gün Qətərin paytaxtı Dohaya səfər edəcək. Səfərin əsas məqsədi HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi məsələsini müzakirə etməkdir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə, İsrailin “Walla News” xəbər portalı mənbəyə istinadən xəbər verib.
Bildirilir ki, Börns Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman At-Tani ilə görüşəcək ki, girovlarla bağlı sazişin və Qəzza zolağında atəşkəsin vəziyyəti barədə yeni məlumat alsın.
MKİ şərhlərdən imtina edib.
Nəşr bundan əvvəl xəbər vermişdi ki, İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea dekabrın 13-də Dohaya səfər edib və girovlarla bağlı danışıqlar üçün Qətərin baş naziri ilə görüşüb. Qeyd olunub ki, Barneanın səfəri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl İsrail və HƏMAS arasında razılaşma əldə etmək məqsədilə danışıqlarda irəliləyişə nail olmaq səylərinin bir hissəsidir.
Qeyd edək ki, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə HƏMAS-la sazişlə bağlı danışıqlar Livanda atəşkəsdən sonra bərpa olunub, son regional hadisələr isə onlara yeni təkan verib. Rəsmi şəxslər razılaşmaların əldə oluna biləcəyinə nikbin yanaşırlar.
Yeri gəlmişkən son bir ildə HƏMAS-ın əlində olan əsirlərin azad edilməsi ilə bağlı bir neçə raund danışıqlar dalana dirənib – tərəflər 2023-cü ilin noyabrın sonunda əldə edilmiş və bir həftəlik atəşkəs nəticəsində 105 girovun azad edilməsi ilə nəticələnən sazişin davam etdirilməsinə nail ola bilməyiblər. İsrail hesab edir ki, 2023-cü ilin oktyabrın 7-də oğurlanmış 251 girovdan 96-sı hələ də Qəzzadadır. İsrailli hərbçilər son 14 ayda səkkiz girovu xilas ediblər, 38 nəfərin isə cəsədini geri qaytarıblar.